Bakı.Trend:
Bakı, Sumqayıt şəhərlərində, bütövlükdə Abşeron yarımadasında insanların gediş-gəlişini təmin edən mühüm yollardan biri də Abşeron dairəvi dəmir yolu marşrutudur.
Trend xəbər verir ki, bu fikirləri AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bu gün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.
O bildirib ki, bu marşrut iki xətdən ibarətdir: Bakı–Xırdalan–Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt.
“Son illərdə marşrutun təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə əhəmiyyətli tədbirlər görülüb. Dəmir yolu xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsallaşma tədbirləri həyata keçirilib, bilet satışı onlayn təşkil edilib, mobil tətbiq istifadəyə verilib, stansiya və dayanacaqlarda modernləşdirmə işləri görülüb”., - deyə Anar Rzayev vurğulayıb.
Qurum rəsmisi əlavə edib ki, Abşeron dairəvi dəmir yolu üzrə sərnişin sayı ötən il həftəiçi gündəlik 36 mindən təqribən 43 minə qədər artıb.:
“Bu da xidmət keyfiyyətinin artırılmasının, o cümlədən hərəkət cədvəlinin optimallaşdırılması və qatarla təhlükəsiz, rahat və maneəsiz səfərə üstünlük verilməsinin göstəricisidir”.
