...

Bulinq, zorakılıq, cismani cəza... – Yeni qanunda uşaq hüquqları

Cəmiyyət Materials 28 Yanvar 2026 12:10 (UTC +04:00)
Bulinq, zorakılıq, cismani cəza... – Yeni qanunda uşaq hüquqları
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Uşaq hüquqları haqqında” qanun layihəsi 8 fəsil, 63 maddədən ibarət olmaqla dövlət uşaq siyasətinin 6 məqsədini, dövlətin 9 əsas vəzifəsini, uşaqların mənafelərinin üstünlüyünü təmin edən 11 əsas mexanizmi və 33 uşaq hüquq və azadlığının dövlət təminatını əhatə edir.

Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında deyib.

Komitə sədri qanun layihəsindəki yenilikləri aşağıdakı kimi sistemləşdirib:

  • Layihədə 11 anlayışın hüquqi tərifi verilir. Xüsusilə “uşağın üstün mənafeyi”, “uşaqlara qarşı zorakılıq və onun formaları”, “cismani cəza” kimi anlayışların qanunvericilikdə dəqiq müəyyən edilməsi uşaqların müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. İlk dəfə olaraq uşaqlara qarşı cismani cəza anlayışı ayrıca təsbit edilir və bu cür halların yolverilməzliyi açıq şəkildə ortaya qoyulur.
  • Qanun layihəsi uşaq hüquqlarının qorunmasında yeni risk sahələrini də nəzərə alır. İnformasiya-kommunikasiya texnologiyalarının geniş yayılması fonunda internet və informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə törədilən təhlükəli əməllər uşaqlara qarşı zorakılıq forması kimi tanınır.
  • Layihə eyni zamanda yeni məsuliyyət mexanizmləri müəyyən edir. Uşaqlara qarşı zorakılıq əlamətlərini aşkar etdiyi halda, bu barədə məlumat verməyən valideynlər, eləcə də uşaqlara nəzarəti həyata keçirən müəssisələrin işçiləri məsuliyyət daşıyacaqlar.
  • Bundan başqa, uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışı – yəni bulinq halları – zorakılıq forması kimi müəyyən edilir və müvafiq müəssisələrə bu halların qarşısının alınması üzrə konkret öhdəliklər qoyulur.
  • Mühüm yeniliklərdən biri də uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlərin qanunvericilik tələbi kimi müəyyən edilməsidir.
  • Bu istiqamətdə dövlət orqanları ilə yanaşı bələdiyyələr və qeyri-hökumət təşkilatlarının da üzərinə müvafiq öhdəliklər qoyulur.
  • Çətin həyat şəraitində olan uşaqların aşkarlanması və sosial müdafiəsi üçün xüsusi mexanizmlər nəzərdə tutulur.
  • Uşaqlar barəsində icraatın bütün mərhələlərində multidissiplinar yanaşmanın tətbiqi, prosedurların uşaq üçün aydın və əlçatan olması, uşağın yaşına və fərdi xüsusiyyətlərinə uyğun dəstəyin (qulluq, müdafiə və digər fərdi yardım) göstərilməsi tələb kimi müəyyən edilib.
  • Uşaqların iştirakı ilə aparılan mülki və cinayət proseslərində psixoloqun məcburi iştirakı da uşağın psixoloji rifahının qorunmasına xidmət edir. Eyni zamanda, uşaqlar barəsində və ya onların iştirakı ilə aparılan işlər üzrə icraatı həyata keçirən şəxslərin uşaq hüquqları sahəsində bilik və bacarıqlara malik olması təsbit edilir.
  • Yetkinlik yaşına çatmayan şəxslər barədə məlumatların açıqlanmasının yalnız yazılı razılıq əsasında mümkün olması kimi mühüm təminatlar da layihədə öz əksini tapıb.
  • Qanun layihəsi uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin institusional əsaslarını gücləndirir. Bu sahədə müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı, prokurorluğun da prosessual nəzarət subyekti kimi müəyyən edilməsi təklif olunur.
  • Dövlət Uşaq Siyasətinin əlaqələndirilməsi (AQUPDK), həyata keçirilməsinə nəzarəti (dövlət nəzarəti mexanizmi) və monitorinqi (Ombudsman) ilə baglı məsələlərin (8-ci maddə) tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti