Azərbaycan, Bakı, 26 noyabr /Trend/
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) dəvəti ilə Beynəlxalq Dağçılıq və Dırmanma üzrə Federasiyanın (UIAA) vitse-prezidenti Piter Farkaş 22-26 noyabr tarixlərində Azərbaycanda işgüzar səfərdə olub.
FAIREX-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində P.Farkaşla federasiyanın ofisində görüş keçirilib. Görüş zamanı FAIREX ilə UIAA-nın birgə beynəlxalq fəaliyyəti müzakirə olunub. Eyni zamanda, qonaq görüşdə FAIREX tərəfindən ənənəvi keçirilən dağ festivalının formatının dəyişdirilməsi ilə bağlı müəyyən təkliflər səsləndirib. Qeyd edək ki, P.Farkaş tərəfindən verilən təklif Federasiyada müzakirə olunur.
Səfər zamanı P.Farkaş Azərbaycanın füsünkar dağları ilə tanış olmaq məqsədilə 23-24 noyabr tarixlərində FAIREX-in prezidenti Hüseynqulu Bağırovla birgə "Heydər zirvəsi"nə yürüş edib və yürüş uğurla başa çatıb.
Yürüş zamanı UIAA-nın vitse-prezidenti dəniz səviyyəsindən 3 min metr yüksəklikdəki baza düşərgəsində olarkən zirvəyə qalxmağa hazırlaşan "Ekosport" idman klubundan Babək İsgəndərov, "Yanardağ" (Bakcell) idman klubundan Mustafa Abbasbəyli, "Salavat" idman klubundan İlqar İsrafilov, "AMEAST" idman klubundan Nurlan Xudazarov, "Extralife" idman klubundan Şəhriyar Əliyev, "Şahdağ" idman klubundan Rusif Bağırov, "Murov" idman klubundan Vasif İsmayıl, Emil Vəliyev və İsmayıl Əsgərovla görüşüb, onlarla söhbət edib və birgə şəkil çəkdirib.
Qonaq Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nin (3751) Azərbaycan dağçılığı və yeni başlayan dağçılar üçün nə qədər populyar olduğunun və bu yürüşlərin ənənəvi hal aldığının şahidi olub.
Qeyd edək ki, FAIREX üzvləri ölkəmizin 4 min metrdən yüksəklikdə yerləşən bütün zirvələrində Azərbaycan bayrağını quraşdırmağı qərara alıblar.