...

Yaz Kuboku 2017-2018, 1-ci tur: Üç poker, səkkiz het-trik və baxımlı futbol (FOTO/VİDEO)

İdman Materials 9 Aprel 2018 16:41 (UTC +04:00)
Şənbə və bazar günləri ABL Yaz Kuboku 2017-2018 turniri çərçivəsində Qrup mərhələsinin ilk tur oyunları keçirilib.
Yaz Kuboku 2017-2018, 1-ci tur: Üç poker, səkkiz het-trik və baxımlı futbol (FOTO/VİDEO)

Bakı. Trend:

Şənbə və bazar günləri ABL Yaz Kuboku 2017-2018 turniri çərçivəsində Qrup mərhələsinin ilk tur oyunları keçirilib.

Trend-in məlumatına görə, ilk oyun günü olan 7 aprel 2018-ci il tarixdə A, B, C və D qruplarında oyunlara start verilib.

A qrupunda Payız Kubokunun finalçısı olan “Azecolab” komandası “KATV1” komandasını böyük hesabla məğlub edib, 5-1. “KATV1” komandası yalnız oyunun sonunda, hesab 5-0 olarkən prestij qolunu vurmağa müvəffəq olub.

Qrupun digər qarşılaşmasında “Bakcell” ilə “Gənclər və İdman Nazirliyi”nin komandaları qarşılaşmalı idilər, lakin “Gənclər və İdman Nazirliyi” oyuna çıxmadığına görə texniki məğlubiyyətə məruz qalıb. Beləliklə, “Bakcell” 3-0 hesabı ilə oyundan qalib ayrılaraq “Azecolab”la birlikdə turnir cədvəlinin ilk iki pilləsində yer alıb.

B qrupunda Payız mövsümünün bürünc mükafatçısı olan “Universal” və “Gate Baku” qarşılaşıblar. Hesabda geriyə düşən “Universal” yalnız oyunun sonlarına yaxın məğlubiyyətdən qaça bilib, 2-2. Digər qarşılaşmada Payız kubokunda zəif nəticələr göstərmiş iki komanda – “Smart Systems Technology” və “GESCO” üz-üzə gəliblər. Payız kubokunun nəticələrinə əsasən bir-birlərindən çox üstün olmayan rəqiblərin qarşılaşmasında gözlənilməz hesab qeydə alınıb. Belə ki, “Smart Systems Technology” rəqibini 11-2 hesabı ilə darmadağın edib və 3 xalla qrupun vahid lideri olub. Qalib komandanın heyətində ən fəal oyunçu İslam İsmayılov olub. O, birinci turda poker edən üç oyunçudan biri olmaqla yanaşı, komandasının iki qolunun da ötürməsini verib.

C qrupunda “ATL Tech” və “City Taxi” komandalarının qarşılaşması 2-4 hesabı ilə başa çatıb ki, bu da sürpriz nəticə hesab oluna bilər. Belə ki, Payız kubokunun yekun turnir cədvəlində rəqibindən on pillə aşağıda qərarlaşan “City Taxi”, buna baxmayaraq qarşılaşmadan qalib ayrılıb.

Qrupun digər matçında isə “Kapital Bank” kubokun debütantlarından biri olan “AZ Logistika” komandasını 6-1 hesabı ilə məğlub edib. Bankirlərin heyətində Elmir Fətəliyev 4 dəqiqəyə het-trik edib.

Nəhayət, günün son matçları D qrupunda oynanılıb. Bu qrupdakı hər iki qarşılaşma gərgin mübarizə ilə yadda qalıb və hər iki oyunda da het-trik qeydə alınıb. “Buta Palace” “Embawood”la oyunda bərabərlik hesabını qoruyub saxlamağa çalışsa da, matçın son üç dəqiqəsində qapısından 3 top buraxmaqla 1-4 hesabı ilə məğlub olub. “Embawood”un heyətində Coşqun Süleymanov 3 qol və 1 ötürmə ilə oyunun ən yaxşısı olub. Qrupun digər matçında “Pullman” daha bir debütantla – “Azərkosmos”la qarşı-qarşıya gəlib. Kosmonavtlar debütant komandalar arasında ən inamlı təsir bağışlayıblar. “Azərkosmos” oyunun gedişində üç dəfə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib və fiziki cəhətdən daha hazırlıqlı rəqibə 6-3 hesabı ilə məğlub olub. Kosmonavtların baxımlı və istəkli oyunu bu qrupda mübarizənin çox maraqlı keçəcəyinə ümid verir. “Pullman”ın heyətində Rəhman Abbasov het-trik müəllifi olub.

1-ci turun ikinci oyun günündə E, F, G və H qruplarının komandaları mübarizəyə başlayıblar.

Payız kubokunu 4-cü yerdə başa vuran “Polat Yol” E qrupunda “İteca Caspian LLC” ilə oynadığı qarşılaşmada var-gücü ilə irəli atılıb və turun ən böyük fərqli qələbəsini qazanıb. Rəqibin qapısından 11 top keçirən “Polat Yol”, öz qapısından cəmi 1 top buraxıb. “Polat Yol”un heyətində Nağı Nağıyev və Orxan Həsənov het-trik ediblər. Orxan Həsənov həm də üç qolun assistenti olub.

Digər oyunda mətbuat işçilərinin birgə komandası olan “TreMiDa” 1-5 hesabı ilə “DDLAR Group”a məğlub olub. Hesabdakı fərqə baxmayaraq, oyun qarşılıqlı hücumlar şəklində keçib. Lakin qalib komandanın qolkiperi Şöhrət Ələkbərovun inanılmaz oyunu komandasının fərqli hesabla qalib gəlməsinə səbəb olub. Belə ki, o, bir neçə dəfə “TreMiDa” oyunçularının təhlükəli zərbələrini dəf edərək komandasını xilas edib.

Payız çempionunun da yer aldığı F qrupunda iki böyükhesablı qələbə qeydə alınıb. Çempion və turnirin favoriti olan “Azersun” “Muğanbank”ı 5-0 hesabı ilə, “VTB Bank” isə daha bir debütant “R.İ.S.K Company” komandasını 9-0 hesabı ilə ağır məğlubiyyətə uğradaraq 3 xal qazanıb. İlk hissədə rəqibin müqaviməti ilə üzləşən və cəmi bir qol vura bilən “Azərsun”, oyunun ikinci hissəsində bu müqaviməti qıraraq daha 4 cavabsız qol vurub. 27 qolla Payız kubokunun bombardiri olmuş Eyyub Əfəndiyev bu oyunda da 4 qol vurmaqla 1-ci turda poker edən ikinci oyunçu olub. Növbəti 2-ci turda qrupun mərkəzi matçında liderlər bir-birləri ilə qarşılaşacaq.

Turun bəlkə də ən baxımlı qarşılaşması G qrupunda “Gilan Holding” ilə “Silk Way Group” arasında oynanılıb. Futbolsevərlərə əsl triller nümayiş etdirən komandalardan gah biri, gah digəri hesabda önə keçib və heç bir tərəf rəqibin iki topdan artıq fərqlə irəli keçməsinə imkan verməyib. Gərgin mübarizə şəraitində keçən oyun vurulan gözəl qollarla yadda qalıb, lakin 4-4 hesabı ilə bitən qarşılaşmada qalib müəyyən edilməyib və komandalar hərəyə bir xal qazanıblar.

Qrupun ikinci qarşılaşmasında “AzerGold” növbəti debütant olan “Optimal” komandasını məğlub edib və 14 qolun vurulduğu bu oyun 1-ci turun ən qollu matçı olub. Maraqlıdır ki, “Optimal” komandasını şirkətin əməkdaşlarından ibarət olan azarkeş ordusu dəstəkləyib və komandanı 4 qol vurmağa ruhlandırıb. 10-4 hesablı məğlubiyyətə baxmayaraq oyun “Optimal”ın oyunçusu Şamo Əhmədov üçün əlamətdar olub. Belə ki, o da bu turda het-trik edib.

Nəhayət, sonuncu H qrupunda hər iki qarşılaşma eyni hesabla başa çatıb. “Təmiz Şəhər” 9-2 hesabı ilə “Port of Baku”nu, “TİMSPORT” isə turnirin daha bir debütantı “Təhsil Nazirliyi”nin komandasını məğlub edib. “Təmiz Şəhər”-“Port of Baku” qarşılaşması ilk turun ən kobud oyunu olub. İlk turda oyunçulara yalnız bir qırmızı kart göstərilib ki, o da bu oyuna təsadüf edib. “Port of Baku”nun ilk qoluna imza atan Elşən Zamanov oyunun 30-cu dəqiqəsində etdiyi kobudluğa görə qırmızı kartla cəzalandırılıb. “TİMSPORT”-“Təhsil Nazirliyi” matçında isə hesabdan başqa digər əlamətdar hadisə “TİMSPORT”un oyunçusu Kamil Kanayevin poker etməsidir. O, rəqib qapısından keçirdiyi dörd qoldan üçünü oyunun ikinci hissəsində cəmi üç dəqiqə ərzində vurub. 2-ci turda qrup liderlərinin üz-üzə gələcəyi “Təmiz Şəhər”-“TİMSPORT” matçının həm qrupun, həm də ümumilikdə 2-ci turun ən maraqlı qarşılaşmalarından biri olacağı ğözlənilir.

Beləliklə, 1-ci tur çərçivəsində keçirilən 15 oyunda qapılara 126 top vurulub (texniki məğlubiyyət qərarı verilən oyun nəzələ alınmır). Orta məhsuldarlıq hər oyuna 8,4 qol olub. Vurulan qollardan 46-sı birinci hissələrdə, 70-i ikinci hissələrdə qeydə alınıb. Ən məhsuldar oyunlar G və H qruplarında keçirilib. Bu qrupların hər birində rəqiblər bir-birlərinə 22 qol vurublar. Üç oyunçu pokerə, səkkiz oyunçu het-trikə imza atıb. Pokerə imza atan “TİMSPORT”un oyunçusu Kamil Kaneyev son üç qolunu 3 dəqiqə ərzində vurmaqla həm də ən tez het-trikin müəllifi olub.

ABL Yaz Kuboku 2017-2018 qrup mərhələsinin 1-ci turundan ən maraqlı görüntülər və müsahibələr cümə axşamları saat 00:00-da ATV kanalının efirində izləyicilərə təqdim olunacaq.

İlk turun nəticələri və statistik göstəriciləri haqqında ətraflı məlumatı Biznes-liqanın rəsmi www.abl.az saytından ala bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti