...

9 ayda Azərbaycana gələn turistlərin sayı artıb

İqtisadiyyat Materials 7 Oktyabr 2016 13:53 (UTC +04:00)
2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn turistlərin sayı artıb.
9 ayda Azərbaycana gələn turistlərin sayı artıb

Bakı. Trend:

2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn turistlərin sayı artıb.

Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən (MTN) məlumat verilib.

Son illər ərzində Nazirlik tərəfindən aparılan təbliğat işlərinin gücləndirilməsi, ölkəmizin turizm potensialının daha geniş şəkildə təbliğ etdirilməsi məqsədilə xarici ölkələrdə təmsilçi ofislərin fəaliyyətə başlaması, eləcə də bir sıra xarici ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanının yaradılması Azərbaycana gələn turistlərin sayının artmasına təsir göstərib.

Aparılan təhlillər zamanı məlum olub ki, 2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı 1 719 015 nəfərə çatıb, bununla da göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 169 430 nəfər (10.9%) çox olub.

Cari ilin 9 ayı ərzində təkcə BƏƏ-dən Azərbaycana səyahət edənlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 dəfə artım müşahidə edilib. Digər tərəfdən, keçən ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində Rusiya Federasiyası (7.6%), Qazaxıstan (17.2%), İran (62.9%) və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayında artım baş verib.

Yay mövsümü ərzində ölkə daxilində istirahət edən turistlərin sayında da artım müşahidə edilib. 2016-cı ilin yay mövsümü ərzində ölkəmizin regionlarında istirahət edən yerli və xarici turistlərin sayı 751 353 nəfər olub, bununla da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 23.5% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti