Bakı. Samir Əli - Trend:
Bakı Metropoliteni üçün peşəkar kadr hazırlığı xüsusi əhəmiyyətə malikdir.
Trend-in məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin Təlim-Tədris Mərkəzinin açılışında çıxış edən qurumun sədri Zaur Hüseynov deyib.
Onun sözlərinə görə, 52 illik tarixi olan metropolitendə əvvəllər təlim-tədrisə diqqət yetirilməyib:
"2014-cü ildə ilk dəfə Təlim-Tədris Mərkəzi yaradıldı. Həmin vaxtdan keçən müddət ərzində burada 4800 metropoliten əməkdaşı dərslərdə iştirak edib, yeni biliklərə yiyələnib".
Qurum rəhbəri bildirib ki, yeni Təlim-Tədris Mərkəzi şəffaflığa şərait yaradacaq:
"Hazırda mərkəzdə 8 guşə var və bütövlükdə 13 struktur vahidini əks etdirir. Hazırda ölkəmizdə olan bir çox ali təhsil müəssisələri ilə, həmçinin dünyaca məşhur "Siemens" şirkəti ilə əməkdaşlıq edirik. Metropolitenin elektrik avadanlıqları məhz "Siemens"ə məxsusdur".
Z.Hüseynov deyib ki, rəhbərlik etdiyi qurumun işçiləri Toronto və İstanbulda da hazırlıq keçib.