...

Bakı Metropoliteni növbəti 3 ildə 60 yeni vaqon alacaq (FOTO)

İqtisadiyyat Materials 27 Dekabr 2019 15:58 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti vaqon təchizatı ilə bağlı “Metrovaqonmaş” şirkəti ilə uzunmüddətli müqavilə bağlayıb.

Bu barədə Trend-ə QSC-dən məlumat verilib. Məlumatda bildirilir ki, imzalanan yeni müqaviləyə əsasən, gələn ildən etibarən növbəti 3 ildə Bakı Metropolitenində istismardan çıxarılacaq vaqonların yerinə “Metrovaqonmaş”da hər il, ümumilikdə, 20 vaqon istehsal ediləcək.

Qeyd edək ki, bu ilin yanvar ayında bağlanmış müqaviləyə əsasən, il ərzində Bakıya 30 vaqon gətirilib. Bu da əvvəlki üç illə müqayisədə daha çoxdur. 2015-ci ildən "Metrovaqonmaş" Səhmdar Cəmiyyətindən 81-760.B/761.B/763.B tipli 15 vaqon, 2018-ci ildə 81-765/766 tipli 10 vaqon alınıb. 2019-cu ildə alınmış 30 vaqonla metropolitenin lokomotiv parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib. Yeni vaqonlar innovasiyalar baxımından ən müasir 4-cü nəslə mənsubdur və sifarişçinin texniki şərtləri əsasında hazırlanıb. Maksimal sürəti saatda 90 kilometr olan qatarlarda vaqon qapılarının daha enli olması minib-düşmə prosesini daha rahat və sürətli edib. Vaqonlararası birbaşa keçid sərnişin tutumunu 15 faiz artırır, sərnişinlərin qatar boyunca bərabər paylanmasını, rahatlığını və təhlükəsizliyini təmin edir. Ultrabənövşəyi lampalar havanın bioloji təmizliyini təmin edir. Daxili və xarici kameralarla videomüşahidə aparılır. İşıqdiodlu cihazların tətbiqi elektrik enerjisi sərfiyyatını 50 faiz azaldır, işıqlandırıcıların istismar müddətini 75 faiz artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti