Zəngilan. Trend:
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 01 mart 2022-ci il tarixli 3166 nömrəli Sərəncam ilə təsdiq edilmiş, 2022-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsündə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına ümumi uzunluğu 2241,5 km təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam etdirilib.
Trend-in məlumatına görə, bunu bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, bu layihələr içərisində önəmli yeri olan layihələrdən biri Şuşa şəhərinə aparan 2-ci avtomobil yoludur. Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolu, M-6 Hacıqabul-Bəramtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi avtomobil yolunun 157-ci km-dən başlayır, uzunluğu 81,6 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı, üzərində tikilən körpülər və tunellər hesabına nəqliyyat vasitələrinin yüksək sürətlə, təhlükəsiz hərəkətinə imkan verəcək, "Zəfər Yolu" ilə müqayisədə 19,4 km qısa olacaqdır. Avtomobil yolunun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.