...

Karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar təsdiqləndi

İqtisadiyyat Materials 17 Yanvar 2024 16:52 (UTC +04:00)
Karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar təsdiqləndi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyası “Azərbaycana idxal olunan və Azərbaycan ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydaların təsdiq edilməsi haqqında” Qərar qəbul edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-ə verilən məlumata görə, qərara əsasən, həmin Qaydalar Azərbaycan ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının alınması məqsədini daşıyır və respublikanın ərazisinə idxal edilən və ölkə ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar tələbləri müəyyənləşdirir.

Sənəddə bildirilir ki, Azərbaycan ərazisinə gətirilən karantin nəzarətində olan materiallar Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısı”nda adları qeyd edilən orqanizmlərdən azad olmalı və həmin qaydalara tabe olunmalıdır.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”nda qeyd edilən fitosanitar nəzarətinə aid olan mallar Azərbaycan ərazisinə idxal edilən zaman ixrac və ya təkrar ixrac edən ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş fitosanitar sertifikatla müşayiət olunmalıdır. İxrac və ya təkrar ixrac fitosanitar sertifikatları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 12 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın (“Fitosanitar Sertifikatlar”) tələblərinə uyğun, ingilis və ya rus dilində olmalıdır.

Həmin qaydalara cavab verən yüksək fitosanitar riskli karantin nəzarətində olan məhsulların (kəsilmiş güllər, habelə seleksiya və elmi-tədqiqat məqsədləri üçün gətirilən əkin və səpin materialları da daxil olmaqla) əl yükləri, beynəlxalq poçt daşımaları və daşıyıcı şirkətlər vasitəsilə idxalına yalnız həmin məhsullar ixrac edən ölkənin Bitki Mühafizəsi üzrə Milli Təşkilatı tərəfindən verilmiş ixrac fitosanitar sertifikatı ilə müşayiət edildiyi halda yol verilir. Azərbaycana hər hansı bir ölkədən ilk dəfə idxal ediləcək yeni bitki və bitkiçilik məhsulları üzrə zərərli orqanizmlərin fitosanitar risk təhlilinin nəticələrinə dair müvafiq arayışı (hesabatı) ixrac edən ölkənin Bitki Mühafizəsi üzrə Milli Təşkilatı tərəfindən AQTA-ya təqdim edilməli və dəyərləndirildikdən sonra daşıdığı risk məqbul olduğu halda idxalına icazə verilməlidir.

Azərbaycan ərazisinə idxal edilmiş karantin nəzarətində olan yük partiyalarında karantin tətbiq edilən canlı zərərli orqanizmlər və ya digər uyğunsuzluqlar aşkar olunduqda, məhsulun tara ilə birlikdə fitosanitar nəzarəti məntəqələrində və ya təyinat yerlərində zərərsizləşdirilməsi, seçilməsi və ya yenidən qablaşdırılması, digər məqsədlə istifadəsi üçün emala göndərilməsi, bunlar mümkün olmadığı halda isə idxalçının istəyi nəzərə alınmaqla geri qaytarılması və ya tara ilə birlikdə məhv edilməsi barədə agentlik tərəfindən müvafiq Qərar qəbul olunub.

Sənədə əsasən, uyğunsuzluq aşkarlanmış karantin nəzarətində olan yük partiyasına münasibətdə həyata keçirilən tədbirlər hüquqi və fiziki şəxslərin (yük sahiblərinin) hesabına aparılır. Azərbaycan ərazisinə gətirilən çox dövriyyəli taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartının (“Beynəlxalq ticarətdə taxta qablaşdırma materiallarının tənzimlənməsi”) tələblərinə cavab verməlidir.

Sənəddə qeyd olunur ki, qablaşdırma materialı kimi karantin tətbiq edilən zərərli orqanizmlərin daşıyıcısı ola bilən ot-alaf, küləş, ağac yonqarı, yarpaq və oxşar bitki mənşəli materiallardan istifadə olunması qadağandır. Fitosanitar karantin ekspertizasının aparılması üçün nümunə götürülmüş fitosanitar nəzarətinə aid olan mallar yalnız ekspertiza rəyinin nəticələri müsbət olduğu halda istifadə edilə bilər.

Ekspertiza başa çatana qədər məhsul ilkin qablaşdırma materialında və zərərli orqanizmlərin yayılması istisna ediləcək şəraitdə, digər yerlərə daşımamaq və realizə etməmək şərti ilə gömrük orqanları ilə razılaşdırmaqla fitosanitar nəzarəti məntəqələrində, yaxud idxalatçıya məxsus və ya onun icarəsində olan digər anbarda saxlanıla bilər.

Ölkə ərazisinə idxal olunan qablaşdırılmış əkin və səpin materialları üzərində məhsulun adı, mənşə ölkəsi, istehsal yeri, istehsalçısı, genetik modifikasiyaya məruz qalmaması haqqında məlumatlar digər dillərlə yanaşı, Azərbaycan dilində də olmalıdır. Həmçinin kimyəvi və bioloji preparatlarla işlənilmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazılarının və nişanlarının olması təmin edilməlidir.

Sənəddə əkin və səpin materialları üçün xüsusi, həmçinin tərəvəzlər və ərzaqlıq kartofa qoyulan fitosanitar karantin tələbləri, eyni zamanda taxıl, dənli paxlalı və yağlı bitkilərin dənləri və onların emal olunmuş məhsullarına, meyvə və giləmeyvələrə, buket hazırlamaq üçün yararlı və ya dekorativ məqsədlər üçün kəsilmiş budaqlara, güllərə və qönçələrə, eləcə də, Azərbaycan ərazisinə idxal olunan digər karantin nəzarətində olan materiallara qoyulan fitosanitar tələblər və meşə materialları (taxta) üçün fitosanitar tələblər əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti