...

Slovakiya da “Həmrəylik Halqası”ndan yararlana biləcək - Azər Qarayev

Siyasət Materials 8 May 2024 16:38 (UTC +04:00)
Slovakiya da “Həmrəylik Halqası”ndan yararlana biləcək - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Azərbaycanla Slovakiya Respublikası arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılsa da, ikitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin bu ölkəyə 2004-cü ildə etdiyi işgüzar səfər böyük rol oynayıb. Bu gün isə Azərbaycanla Slovakiya arasında münasibətlər artıq yeni, daha yüksək səviyyəyə çatmaq üzrədir.

"Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və onlar yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Məhz bu kontekstdə iki ölkənin əməkdaşlığının bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir.

Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu, əlbəttə ki, həm də böyük rəmzi məna daşıyır. Əgər bu bir tərəfdən Azərbaycan-Slovakiya əlaqələrinin səmimiliyinin dərəcəsini göstərirsə, digər tərəfdən işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək".

Politoloq vurğulayıb ki, önəmli hadisələrdən biri də Birgə Bəyannamənin imzalanması oldu.

"Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə çox ciddi siyasi sənəddir. Prezident İlham Əliyev bəyanatında məhz bu sənədin önəmini xüsusi vurğuladı.

Artıq bu il Avropa ölkələrinə təbii qaz ixracı 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər isə təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulur. Təbii ki, bu öhdəliyi yerinə yetirmək üçün ölkəmiz təbii qaz hasilatını artırır.

Hazırda Azərbaycan 8 Avropa ölkəsinə təbii qaz ixrac edir. 2023-cü ildə “Həmrəylik Halqası” adlanan sənədin imzalanması ilə Azərbaycan qazının Slovakiya bazarına da nəql edilməsi üçün yaxşı imkanlar yaradılıb. Bu mənada, Azərbaycan təbii qazını 9-cu Avropa ölkəsi olmaqla Slovakiyaya da ixrac edə biləcək. Lakin onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Avropaya yenilənəbilən enerji mənbələrindən hasil etdiyi enerjinin ixracını planlaşdırır. Bu baxımdan Slovakiya Balkan yarımadasına çıxacaq elektrik enerjisi xəttindən yararlana bilər".

Xəbər lenti

Xəbər lenti