...

COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır - “The Standard”

Yaşıl iqtisadiyyat Materials 8 May 2024 17:30 (UTC +04:00)
COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır - “The Standard”
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin noyabrında Bakıda COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır. Biz bu məsuliyyəti təkcə beynəlxalq ictimaiyyətin ölkəmizə etimadının göstəricisi kimi deyil, həm də iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli dəyişikliklərin aparılması üçün əlverişli fürsət kimi görürük.

Trend xəbər verir ki, bu fikirlər Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyevin “The Standard” qəzetində dərc olunan məqaləsində yer alıb.

Məqalədə bildirilib ki, Azərbaycanın yanaşmasının mərkəzində inklüzivlik prinsipi dayanır. COP29 yalnız seçilmiş insanlar üçün deyil, burada hamımızın iştirakı nəzərdə tutulur. Müxtəlif qruplardan olan insanların fikirlərinin və imkanlar barədə təkliflərinin eşidilməsini və onlara hörmət olunmasını təmin etməklə biz daha güclü tərəfdaşlıqlar qura və iqlim dəyişikliyi ilə mübarizədə təkbaşına bacardığımızdan daha səmərəli nəticələr əldə edə bilərik.

COP28-də xüsusilə maliyyə, uyğunlaşma və iqlimlə bağlı itki və zərərlərin aradan qaldırılması kimi sahələrdə əldə edilmiş irəliləyişlərə toxunan səfir vurğulayıb ki, qarşıda görüləsi çox iş var. İnkişafa yönəlmiş ənənəvi dəstək çox mühüm olsa da, iqlimlə bağlı fəaliyyətin artan maliyyə tələblərini ödəmək üçün kifayət etmir: “Beynəlxalq birlik olaraq, iqlimlə bağlı çağırışların səmərəli həlli üçün yanaşmamızda və düşüncə tərzimizdə əsaslı dəyişiklik etməyimiz həqiqətən vacibdir. Azərbaycanın atdığı mühüm addımlardan biri 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsidir. Bu qlobal mübarizəyə sadiqliyimizi vurğulamaqla yanaşı, həm də milli, regional və beynəlxalq səviyyələrdə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə diqqətimizi fokuslayır”

Səfir onu da bildirib ki, COP29 sədrliyinin danışıqlar üzrə komandası kollektiv fəaliyyətin uğur qazanmaq üçün çox vacib olduğunu dərk edərək, müxtəlif tərəfdaşlar və danışıqlar qrupları ilə fəal şəkildə əməkdaşlıq edir: “Biz öz fəaliyyətimizdə Qlobal Cənub və Qlobal Qərb arasında fikir ayrılıqlarını aradan qaldırmağa çalışırıq. COP29 tarixən məhdud əlaqələrə və tərəfdaşlıqlara malik olan ölkələri bir araya gətirməklə effektivliyi gücləndirən və inteqrasiya rolunu oynayan faktor olmalıdır.

Buna misal olaraq Azərbaycan ilə Keniya arasında inkişaf edən tərəfdaşlıq münasibətlərini göstərmək olar. Keçmişdə ölkələrimiz arasında yaxşı münasibətlər olsa da biz xüsusilə Keniyanın iqlim dəyişikliyinin həllindəki mühüm rolu fonunda əməkdaşlığımızı möhkəmləndirməyin zəruriliyini dərk edirik. Məhz buna görə də COP29-un prezidenti Muxtar Babayev martda BMT-nin Ətraf Mühit Assambleyası çərçivəsində Prezident Ruto ilə görüşüb”.

“COP29 və ya BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA-6) bu yaxınlarda keçirilmiş altıncı sessiyası kimi tədbirlər dünya dövlətlərinin ətraf mühitin mühafizəsi sahəsində səylərini kollektiv şəkildə necə əlaqələndirə biləcəyinə dair mühüm nümunələrdir. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) qlobal ekoloji gündəliyin irəli aparılmasında göstərdiyi liderlik təqdirəlayiqdir və biz bu dinamikanı davam etdirməliyik. COP28-də irəli sürülən və COP28, COP29 və COP30-un sədrliklərini özündə birləşdirən “Üçlük” mexanizmi belə bir dinamikanın qorunub saxlanmasının təmin edilməsində çox mühüm nailiyyətdir. Ancaq bu, sadəcə Keniya və Azərbaycan üçün bir missiya deyil.

İnkişaf etmiş ölkələr Keniyanı və ümumilikdə Afrikanın iqlim dəyişikliyi sahəsində səylərini artırmaq üçün maliyyələşdirməyə, texnologiya transferinə və bacarıqların artırılmasına dəstəyə daha çox çıxış əldə etmək məqsədilə daha çox iş görərək töhfə verməlidir. Əgər biz qlobal temperatur artımının 1,5°C dərəcəyə qədər məhdudlaşdırmağa nail olmaq istəyiriksə, qəbul etməliyik ki, belə bir mürəkkəb problemin həlli zamanı kompleks yanaşma tətbiq edilməlidir”, – deyə Azərbaycan səfiri məqaləsində vurğulayıb.

Xəbər lenti

Xəbər lenti