...

Azərbaycanda kredit risklərinin idarə olunması ilə bağlı yeni qaydalar tezliklə qəbul ediləcək

İqtisadiyyat Materials 23 Oktyabr 2024 10:18 (UTC +04:00)
Azərbaycanda kredit risklərinin idarə olunması ilə bağlı yeni qaydalar tezliklə qəbul ediləcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bank olmayan kredit və mikromaliyyə təşkilatları üçün kredit risklərinin idarə edilməsinə dair yeni qaydalar yaxın vaxtlarda qəbul ediləcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.

“Müəyyən kredit təşkilatları üçün kredit risklərinin idarə edilməsi ilə bağlı yeni qaydalar hazırlanıb. Bu sənədlər Bank olmayan Maliyyə Təşkilatları Assosiasiyası və kredit təşkilatları ilə müzakirə olunub, rəy və təkliflər alınıb. Bu sənədlərin yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilir”, - o deyib.

Onun sözlərinə görə, əsas prioritetlərdən biri mikromaliyyə təşkilatları və kredit müəssisələrinin institusional potensialının gücləndirilməsidir.

"Bu kontekstdə biz korporativ idarəetmə ilə bağlı tələbləri gücləndirir və banklar və kredit təşkilatlarında autsorsinq normalarını təkmilləşdiririk. Xüsusilə vurğulamaq istərdim ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunmasına dair təşəbbüslərimiz inklüzivliyin dəstəklənməsi və mikromaliyyə təşkilatlarında, eləcə də digər maliyyə institutlarında risklərin idarə edilməsinin yaxşılaşdırılmasına töhfə verəcək. Hazırkı çağırışları nəzərə alaraq qeyd etmək lazımdır ki, Mərkəzi Bank ötən il dayanıqlı maliyyələşdirmə ilə bağlı yol xəritəsini təsdiqləmiş və bu il dayanıqlı maliyyələşdirmə prinsiplərini qəbul etmişdir. Xüsusi diqqət iqlim dəyişikliyi, ekoloji, sosial və idarəetmə faktorları ilə bağlı risklərin idarə edilməsinə yönəldilib ki, bu da mikromaliyyə təşkilatları və bank olmayan kredit müəssisələri üçün xüsusilə önəmlidir. Məqsəd bu təşkilatlara dayanıqlı maliyyələşdirmə üzrə təcrübə və qabaqcıl praktika çatdırmaqdır", - T. Əliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti