Bakı. Trend:
Bakıda "Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar" mövzusunda İnformasiya tədbiri keçirilib.
Trend xəbər verir ki, tədbir Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən 21-25 oktyabr 2024-cü il tarixlərində Azərbaycana təşkil olunan Almaniyanın iş adamlarından ibarət olan nümayəndə heyətinin işgüzar səfəri çərçivəsində keçirilib.
Qeyd olunur ki, səfər çərçivəsində alman şirkətləri Azərbaycanda dəmir yolu texnologiyaları bazarı və tətbiq olunan standartlar habelə potensial layihələr və imkanlar barədə real və hərtərəfli məlumat əldə ediblər.
Tədbir iştirakçıları dəmir yolu sənayesindən olan Azərbaycan şirkətləri və mütəxəssislər ilə birbaşa işgüzar əlaqələr qurmaq üçün geniş imkanlar əldə edərək yerli şirkətlərə alman təcrübəsi haqqında geniş məlumat mübadiləsi aparıblar.
Tədbirdə təmsil olunan alman şirkətləri: Elektro Thermit GmbH & Co KG, HÜBNER GmbH & Co. KG, KATHREIN Solutions GmbH, Schaltbau GmbH, Vagoteq GmbH, WAGNER Rail GmbH.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) İdarə Heyətinin sədri Anar Həsənov Bakıda keçirilən "Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar" adlı İnformasiya tədbirində bildirib ki, Azərbaycanda 2030-cu ilə qədər yükdaşıma həcmlərini illik 30 milyon tona çatdırmaq üçün iddialı məqsəd qoyulub.
"Dəmir yolları ən ekoloji təmiz nəqliyyat növlərindən biri olaraq qalır və bu, COP29 ərəfəsində dayanıqlı inkişaf məsələlərinin prioritetə çevrildiyi bir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın coğrafi mövqeyi onu Şimal-Cənub və Şərq-Qərb qlobal nəqliyyat dəhlizlərinin əsas mərkəzinə çevirir", — A.Həsənov qeyd edib.
Daha sonra Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvarts Bakıda keçirilən "Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar" adlı İnformasiya tədbirində qeyd edib ki, Orta Dəhliz sıfır tullantılarla ekoloji təmiz nəqliyyat marşrutuna çevrilmək üçün böyük potensiala malikdir.
"Azərbaycanın əsas nəqliyyat mərkəzi kimi rolu durmadan artır. Mən 3 il yarım əvvəl Azərbaycana gəldikdə Orta Dəhliz durğun vəziyyətdə idi. Lakin son illərdə baş verən siyasi dəyişikliklər sürətli inkişafı təmin etdi. Bu gün bu marşrut təkcə Çindən Avropaya malların daşınmasını deyil, həm də regional əlavə dəyər zəncirlərinin yaradılmasına töhfə verir. Dəmir yolları və limanlar bu proseslərdə mərkəzi rol oynayır", — Hayko Şvarts bildirib.
Öz növbəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəisi vəzifəsini icra edən Orxan Əhmədzadə Bakıda keçirilən "Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar" adlı İnformasiya tədbirində əlavə edib ki, dəmir yolu sektoru Azərbaycanın inkişafı üçün kritik əhəmiyyət daşıyır və investisiyaların cəlb olunmasında, ticarət həcminin artırılmasında əsas rol oynayır.
"Azərbaycan sürətlə ticarət və logistika mərkəzinə çevrildiyi bir vaxtda, Avropa və Asiyanın kəsişməsində yerləşməyimiz bizə Çin və Avropanı birləşdirən Orta Dəhliz kimi marşrutlarda önəmli yer tutmağa imkan verir. Hökumət, xüsusilə infrastruktur və logistika sahələrində yerli və xarici investisiyaları cəlb etmək üçün sabit, şəffaf və biznes üçün əlverişli mühit yaratmaq üzərində fəal işləyir. Bu səylər Azərbaycanı qlobal ticarətdə vacib oyunçuya çevirməklə yanaşı, ölkənin iqtisadiyyatını da şaxələndirməyə kömək edir", - o bildirib.