Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan üzrə struktura daxil olan müəssisə və təşkilatlarda 31 dekabr 2023-cü il tarixinə işçilərinin sayını açıqlayıb.
Bu barədə Trend SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatına istinadən xəbər verir.
Məlumata görə, SOCAR Azərbaycan üzrə struktura daxil olan müəssisə və təşkilatlarda 31 dekabr 2023-cü il tarixinə işçilərin faktiki sayı 48 320 nəfər təşkil edir.
Bildirilib ki, şirkətin fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq, qadınlar ümumi işçi sayının 16%-ni təşkil edir. 2023-cü ildə işçilərin orta yaş həddi 44 kimi müəyyən olunub.
Qeyd edək ki, SOCAR beynəlxalq iqtisadi inkişaf proseslərində yaxından iştirak edən, neft-qaz sənayesində fəaliyyət göstərən, qlobal arenada əhəmiyyətli yer tutan Azərbaycanın ilk milli neft şirkətidir.
Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanına əsasən şirkətin əsası qoyulub və öz fəaliyyəti çərçivəsində iqtisadi, sosial və ətraf mühitə müsbət və məsuliyyətli təsirlərin yaradılmasını məqsəd qoyub. Bu məqsədlərə nail olunması üçün Şirkətin strategiyası, siyasət və qaydaları, həmçinin, müvafiq missiya və məramı müəyyən edilib. Dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində Şirkət tərəfindən həyata keçirilən bütün yeni layihələrdə ekoloji və sosial effektivliliyin artırılması əsas prinsiplərdən birini təşkil edir.