Bakı. Trend:
ADA Universitetinin İxtisasartırma Proqramı "Yelo Bank" əməkdaşları üçün “Liderlik Bacarıqlarının İnkişafı” proqramına başlayıb.
Artıq ikinci dəfədir ki, "Yelo Bank" əməkdaşları üçün təşkil edilən proqramın builki açılış mərasimi oktyabrın 22-si ADA Universitetində baş tutub.
Proqrama qoşulan və "Yelo Bank"da menecer səlahiyyətlərini icra edən 25 iştirakçını ADA Universitetinin akademik işlər üzrə prorektorunun müşaviri Aygün Hacıyeva salamlayıb.
Aygün Hacıyeva çıxışında ali təhsil qurumu nəzdində İxtisasartırma Proqramı konseptini ölkəmizə gətirən ADA Universitetinin tarixindən, təqdim etdiyi ixtisaslardan və genişlənmə strategiyasından bəhs edib.
Çıxışçı qeyd edib ki, İxtisasartırma Proqramı bilik və təcrübə
mübadiləsini həyata keçirməklə yanaşı, Azərbaycanı xarici
diplomatlara tanıdan platforma rolunu oynayır, xüsusilə də əcnəbi
iştirakçıları Qarabağın işğaldan azad edilməsi nəticəsində
regiondakı rolumuz barədə məlumatlandırır.
Aygün Hacıyeva sonda qeyd edib ki, əvvəlki illə müqayisədə
“Liderlik Bacarıqlarının İnkişafı” proqramında iştirak edən "Yelo
Bank" əməkdaşlarının sayındakı artım əməkdaşlığın uğurundan və
tədris edilən mövzuların nə dərəcədə faydalı olduğundan xəbər
verir.
Qeyd edək ki, bu ilin sonunadək davam edəcək proqram 7 moduldan ibarətdir.
Həmin modullar liderlik bacarıqları, emosional zəka, rəy vermə və alma kimi mövzulardan ibarətdir. Həmçinin modullar çevik liderlik bacarıqları və düşüncə tərzi, liderlik ünsiyyəti və etik qaydaları, habelə dəyişikliyin, eləcə də komandanın uğurla idarə edilməsi mövzularını da əhatə edəcək.
İnteraktiv formatda keçiriləcək proqramda iştirakçılar təqdimatlar, “beyin fırtınası”, “keys” çalışmaları, praktiki tapşırıqlar, qrup işləri və simulyasiyalar vasitəsilə öyrəndiklərini tətbiq edəcəklər.
Proqramın mövzuları ADA Universitetinin müəllimləri, eləcə də idarəetmə, liderlik, strategiya və kommunikasiya sahəsində geniş təcrübəyə malik, dövlət və özəl sektordan olan qonaq ekspertlər, habelə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri tərəfindən tədris ediləcək.