Bakı. Trend:
Ölkə ərazisində müşahidə olunan leysan yağışın yollarda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.
Trend AAYDA-ya istinadən xəbər verir ki, öncədən hava ilə əlaqədar yayılmış xəbərdarlığa əsasən, agentliyin bütün təşkilatları gücləndirilmiş iş rejiminə keçib, tunel və keçidlərdə suların kənarlaşdırılması üçün nəzərdə tutulan nasosxanalarda monitorinqlər aparılıb.
Müşahidə olunan yağışlı hava şəraitinə uyğun olaraq tunel və keçidlərdə suların kənarlaşdırılmasını təmin edən bütün nasoslar tam gücü ilə çalışıb və hazırda da çalışmağa davam edir.
Məlum olduğu kimi, paytaxt ərazisində bir-neçə tuneldə yağış sularının dolması qeydə alınıb. Belə ki, güclü yağışlar nəticəsində tunel və keçidlərdən suyun çəkilməsini təmin edən sistemlərin qoşulduğu kollektorlar daxil olan suyu tam həcmdə ötürə bilməyib.
Hazırda fəsadların baş verdiyi ərazilərdə aidiyyəti qurumlarla birgə suların çəkilməsini təmin etmək üçün işlər davam etdirilir.