Bakı. Trend:
Mən Qarabağda olmaqdan çox məmnunam.
Bunu Trend-ə açıqlamasında Gürcüstan azərbaycanlısı Səmayə Həsənova deyib.
"Hisslərii sözlə ifadə edə bilmirəm. Çalışıram ki, burada bir vaxtımı boşuna keçirməyim. Bu yerlər çox maraqlıdır. Dünən Qarabağ Universitetində oldum. Artıq düşünürəm ki, gəlib burada təhsil alım. Mən Gürcüstanda yaşamağıma baxmayaraq, Azərbaycan məktəbini bitirmişəm.
Təhsil alarkən müəllimlərim Qarabağ haqqında çox danışıblar. Arzularımdan biri di ki, gəlib Qarabağı görüm. Bu gün burada olduğuma görə çox xoşbəxtəm", - deyə o qeyd edib.
Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının üçüncü qrupu işğaldan azad olunan ərazilərə səfər çərçivəsində Şuşa və Ağdamda olublar. Üçüncü qrupun səfəri ötən gün Xankəndi şəhərindən start alıb.
Bu gün səhər saatlarında isə qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib. Şuşa şəhər mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti barədə məlumat verilib.
Xatırladaq ki, sözügedən ərazilər üzrə qonaqların üç qrup olmaqla, altı günlük nəzərdə tutulan səfəri bununla da yekunlaşıb.