...

Azərbaycanda kriptovalyutalarla birbaşa ödəniş nə zaman mümkün olacaq? - AÇIQLAMA

İqtisadiyyat Materials 23 Oktyabr 2024 10:36 (UTC +04:00)
Azərbaycanda kriptovalyutalarla birbaşa ödəniş nə zaman mümkün olacaq? - AÇIQLAMA
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kriptovalyutalara maraq olduqca yüksək səviyyədədir. Nəzərə almaq lazımdır ki, 2024-cü ilin əvvəlindən kriptovalyutaların qiymətinin müsbət dinamika üzrə artdığını müşahidə edirik. Hazırda dünyada bitcoin-ETF Fondların təsdiq edilməsi, ABŞ Federal Ehtiyatlar Sisteminin uçot faiz dərəcəsini endirməsi, Donald Trampın ABŞ-də prezident seçkilərində qalib gəlmə ehtimalının artması ilk kriptovalyuta olan bitkoinin 69.000 dollara qədər dəyər qazanmasını təmin etdi.

Bunu Trend-ə açıqlamasında Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev deyib.

O bildirib ki, Azərbaycanda “bitcoin” ilə paralel “ethereum”, “solana”, “ton”, “ripple”, “dogecoin” və s. kimi altkoinlərə investisiya edənlər də az deyil: “Lakin bu, sadəcə həvəskar invostor səviyyəsindədir. Çünki hələ də ölkəmizdə kriptovalyutaların tənzimlənməsi ilə bağlı konkret tənzimləmə mexanizmi yoxdur. Ölkə olaraq biz hələ ki gözləmə mövqeyindəyik və çalışırıq ki, yaxın qonşularmız olan Rusiya və Türkiyənin bu sektor üzrə təcrübəsindən istifadə edib fayda əldə edək”.

E. Quliyev vurğulayıb ki, Azərbaycanda yaxın 3-5 il ərzində birbaşa kriptovalyutalarla hər hansı əməliyyat aparmaq mümkün olmayacaq: “Azərbaycanda yegənə ödəniş vasitəsi manatdır. Kriptovalyutaların istifadəsi üçün ilk növbədə ölkədə sosial, iqtisadi və hüquqi şərait yaranmalıdır. Bunun üçün insanlar maarifləndirilməli və müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. Yalnız bundan sonra real sektorda kriptovalyutalardan ödəniş vasitəsi kimi istifadə mümkündür. Lakin ölkəmizdə ödəniş vasitəsi kimi alternativ metodların olması təbii ki, müsbət faktor olardı. Çünki bu, bir ödəniş mədəniyyəti və yeni texnoloji yenilikdir. Hansı ki, iqtisadiyyatın şəffalaşdılıması üçün yeni mərhələdir. Nə qədər ki, kriptovalyutalara hüquqi qiymət verilməyib və ödəniş metodları texniki baxımdan iqtisadi subyektlər arasında interqrasiya edilməyəcəksə, ümumilikdə ölkəmizdə rəqəmsal valyutalar sektorunun inkişafı sual altında olacaq”.

“Hesab edirəm ki, rəqəmsal aktivlərin statusunun müəyyənləşdirilməsi üzrə vergi qanunverciliyinin təkmilləşdirməsinin vaxtı çatıb və buna həqiqətən ehtiyac var. Bu istiqamətdə inkişaf etmiş ölkələrinin təcrübəsi əsasında milli tənzimləmə modeli hazırlamaq olar. İlkin mərhələdə hətta müəyyən dövr üçün 0% vergi dərəcəsi və ya digər güzəşt tədbirləri tətbiq etmək mümkündür. Nəzərə almaq lazımdır ki, hüquqi statusun müəyyən edilməsi ölkəmizdə maliyyə savadlılığının artırılmasına, məşğulluğun təmin edilməsinə, startap ekosisteminin inkişafına müsbət təsir edəcək və yeni fəaliyyət istiqamətlərinin – kriptovalyuta mayninqi, kripto-birjalar, yerli mübadilə servislərinin yaradılmasını stimullaşdıracaq. Ədalətli və obyektiv vergi mexanizminin tətbiqi ümumilikdə bu sektorun inkişafına şərait yaradacaq, korporativ şirkətləri və adi vətəndaşları kripto-əməliyyatlar üzrə gəlir vergisini ödəməyə motivasiya edəcək. Bu istiqamətdə inkişaf etmiş (Yaponiya, İsveçrə, ABŞ) və MDB ölkələrinin (Ukrayna, Özbəkistan, Belarus) təcrübəsi əsasında milli tənzimləmə modeli hazırlamaq olar”, - deyə E. Quliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti