Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı hazırda bank olmayan kredit təşkilatları üçün prudensial tənzimləmə normalarının yenilənməsi üzərində çalışır.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.
"Mikromaliyyələşdirmə modelinin formalaşdırılması bu sektorda fəaliyyət göstərən institutlara əlavə maliyyə xidmətləri göstərilməsi üçün imkanların yaradılmasını, eləcə də onların rəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutur. Şübhəsiz ki, bu təşəbbüslərin əsas məqsədi ölkəmizdə mikro və kiçik sahibkarlığın inkişafıdır. Qeyd olunduğu kimi, Mərkəzi Bank rəqəmsal texnologiyaların tətbiqi məsələlərinə də diqqət yetirir. Rəqəmsal texnologiyaların mikromaliyyələşdirmə sektorunda, həmçinin, ümumilikdə maliyyə sektorunda tətbiqi bizim strategiyamıza daxil edilmişdir. Biz informasiya təhlükəsizliyinin təmin olunmasına və kibertəhlükəsizlik problemlərinin adekvat idarə edilməsinə xüsusi önəm veririk. Bu baxımdan rəqəmsal maliyyə təşəbbüsləri, xüsusi tənzimləmələr, açıq bankçılıq, rəqəmsal identifikasiya və kibertəhlükəsizlik təşəbbüslərini əhatə edən ayrıca fəaliyyət planı strategiyamıza daxil edilib", - o bildirib.
Onun sözlərinə görə, cari ilin mart ayında Mərkəzi Bank mikromaliyyələşdirmə, bank və kredit təşkilatları daxil olmaqla, bütün maliyyə sektoru üçün informasiya təhlükəsizliyinin təmin edilməsi tələblərini müəyyən edib.
"Gələn illərdə bu, tənzimləmə və nəzarət sahəsində bizim prioritet məqsədlərimizdən biri olaraq qalacaq. Bundan əlavə, bank olmayan kredit təşkilatları haqqında qanunvericilikdə edilən dəyişikliklər fonunda Mərkəzi Bankın risklərin idarə olunması ilə bağlı tələblərində yeniliklərin və dəyişikliklərin gözlənildiyi bildirilir. Bu məqsədlə bank olmayan kredit təşkilatları üçün prudensial tənzimləmə normalarının yenilənməsi üzərində iş aparılır", - o əlavə edib.