Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) "AFB Bank" ASC-yə icrası məcburi sərəncam verib.
Trend bu barədə AMB-dən məlumat əldə edib.
Məlumata görə, “AFB Bank” ASC tərəfindən “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin (Əsasnamə) 7.5-ci bəndinin tələblərinə zidd olaraq valyuta mübadiləsi əməliyyatlarına dair məlumatların təyinatı üzrə valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə düzgün təqdim edilməməsi halı müəyyən olunub. Mərkəzi Bank tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq “AFB Bank” ASC-yə gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.