Bakı. Trend:
Hazırda Cəlilabad, Neftçala və Biləsuvar rayonları üzrə əkin aparılan 124 800 hektar sahənin 27 %-də biçin prosesi başa çatıb, hazırda biçin prosesində 256 kombayn iştirak edir.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Cəlilabadda taxıl biçininin gedişatına həsr olunan müşavirədə Nazirliyin yerli qurumlarının rəhbərləri çıxış ediblər.
Daha sonra regional müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Tədbirdən sonra müşavirə iştirakçıları Cəlilabadın Üçtəpə kəndində taxıl biçininin gedişi ilə tanış olub, fermerlərlə görüşüblər.
Bildirilib ki, cari ildə Cəlilabad rayonu üzrə 60.4 min hektar sahədə taxıl əkinləri aparılıb. Əkin sahələrinin 47,0 min hektarı buğda, 13,4 min hektarı arpa sahəsidir. Bu günədək 8 min hektar sahədə biçin başa çatıb, sahələrdən 24,7 min ton taxıl yığılıb. Hazırda biçin prtosesinə 90 ədəd kombayn cəlb edilib ki, onlardan 17 ədədi “Aqroservis” ASC-yə, 73 ədədi isə hüquqi və fiziki şəxslərə məxsusdur.
Qeyd edək ki, bu il Füzulidə 38 min hektardan çox, Bərdədə 13 min hektardan çox sahədə taxıl əkilib.