Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 281,7 min ton miqdarında, 140,7 milyon ABŞ dolları dəyərində xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları, tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar ixrac edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu məhsulların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 28,9 min ton və ya 9,3%, dəyər ifadəsi ilə 73,2 milyon ABŞ dolları, yaxud da 34,2% azdır.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan xaricə 310,6 min ton miqdarında, 213,9 milyon ABŞ dolları dəyərində xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları, tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar ixrac olunmuşdu.
Hesabat dövründə həmin məhsulların ixracı ümumi ixracın 1,09%-ini təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparmışdı.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.