...

"Deloitte" şirkəti 2024-cü ildə Azərbaycanın ÜDM strukturundakı dəyişikliklər barədə bəhs edib

İqtisadiyyat Materials 16 Sentyabr 2025 11:11 (UTC +04:00)
"Deloitte" şirkəti 2024-cü ildə Azərbaycanın ÜDM strukturundakı dəyişikliklər barədə bəhs edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Azərbaycanın ümumdaxili məhsulunun (ÜDM) strukturu ötən illərlə müqayisədə dəyişib.

Trend bu barədə audit və digər peşəkar xidmətlərin göstərilməsi üzrə dünyanın aparıcı şirkətlərdən olan “Deloitte” şirkətinə istinadən xəbər verir.

Qeyd olunur ki, sənaye sektorunun (istehsal və emal) payı 2022-ci ildəki 51,1 faizdən 2023-cü ildə 40,5 faizə, 2024-cü ildə isə 35,9 faizə düşüb.

Eyni zamanda, 2022–2024-cü illərdə Azərbaycanda iqtisadiyyatın bir sıra əsas istiqamətləri üzrə davamlı artım müşahidə olunub. Ən yüksək artım sosial və digər sektorlarda (14,7 faizdən 19,9 faizə), eləcə də ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində (8,2 faizdən 10,7 faizə) qeydə alınıb. “Deloitte” şirkətinin hesablamalarına görə, istehsal və idxala qoyulan xalis vergilər (7,4 faizdən 9,8 faizə), nəqliyyat və anbar təsərrüfatı (6,0 faizdən 7,0 faizə), tikinti (4,8 faizdən 6,7 faizə), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda (4,8 faizdən 5,7 faizə) da əhəmiyyətli artım baş verib. Daha mülayim artım informasiya və rabitə sahəsində (1,4 faizdən 1,9 faizə), həmçinin yerləşdirmə və ictimai iaşə seqmentində (1,6 faizdən 2,4 faizə) müşahidə olunub.

Məlumatda qeyd olunur ki, 2018-ci ildən dövlətin xarici borcu tədricən azalıb — 8,9 milyard dollardan 2024-cü ildə 5,1 milyard dollara düşüb ki, bu da xarici borclanmalardan uzaqlaşmanı göstərir. Bununla yanaşı, daxili borc kəskin artaraq 1,3 milyard manatdan 18,7 milyard manata yüksəlib və bu da 2021–2022-ci illərdə müvəqqəti azalmadan sonra borcun ÜDM-ə nisbətinin yenidən artmasına səbəb olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar–avqust aylarında ölkədə 83 milyard manatlıq ÜDM istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artıb.

ÜDM strukturunda sənayenin payı 34,9 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri 10,3 faiz, nəqliyyat və anbar təsərrüfatı 7,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqla yanaşı tikinti sahəsinin hər biri 6,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,8 faiz, informasiya və rabitə sahəsi 1,8 faiz, digər sektorlar isə 20,7 faiz təşkil edib. Məhsullar və idxal üzrə xalis vergilər ÜDM-in ümumi həcminin 9,8 faizini ehtiva edib.

Adambaşına düşən ÜDM 8111 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti