Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Gürcüstanın investisiya şirkəti “Silk Road Group Holding LLC”nin 2030-cu ildə ödənilməsi nəzərdə tutulan 400 milyon dollarlıq təminatsız istiqrazlarına yekun uzunmüddətli “BB-” reytinqi verib.
Trend bu barədə “Fitch Ratings” istinadən xəbər verir.
“İstiqrazların reytinqi “BB-” səviyyəsində, pozitiv proqnozla müəyyən edilib ki, bu da emitentin defolt reytinqinə uyğundur, alətin bərpa reytinqi isə “RR4” səviyyəsində təsbit olunub.
İstiqrazlar təminatsız öhdəliklər formasında buraxılır, cəlb edilən vəsaitlər isə mövcud borcların, o cümlədən törəmə şirkətlərin borclarının yenidən maliyyələşdirilməsinə, həmçinin şirkətin likvidliyinin gücləndirilməsinə yönəldiləcək. “Fitch” qeyd edir ki, “Silk Road”ın reytinqinə təsir göstərən əsas amillər dəyişilməz olaraq qalıb”,- məlumatda bildirilir.
Məlumata görə, reytinqlər “Silk Road”ın Gürcüstanda dayanıqlı bazar mövqelərinə malik ikinci ən böyük telekommunikasiya operatoru “Silknet”ə sahib olmasını, habelə dəbdəbəli otellər və kazinolar seqmentində mənfəətli biznesini əks etdirir.
Qeyd olunur ki, bu istiqamətlər sabit daxili pul axını formalaşdırır və agentliyin proqnozlarına görə, şirkətin torpaq sahələrində yeni tikililərin maliyyələşdirilməsi üçün yetərli olacaq.