Bakı. Trend:
Tanınmayan ali təhsil müəssisələrinin siyahısı yalnız lisenziya və akkreditasiyası olmayan qurumları əhatə edir.
Trend xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O bildirib ki, bu siyahının mövcudluğu bəzi yanlış yanaşmalara səbəb olur:
“Elə düşünülməməlidir ki, bizdə hansısa ağ və ya qara siyahı mövcuddur. Siyahıya yalnız lisenziyası və akkreditasiyası olmayan ali təhsil müəssisələri daxil edilir. Əgər hər hansı bir universitet sonradan bu tələbləri yerinə yetirirsə, siyahıya dəyişiklik olunur”.
Tural Əhmədov əlavə edib ki, bəzi ali təhsil müəssisələri həmin siyahıya daxil edilməmək üçün birbaşa bizə müraciət edir. Onlar ilk öncə qanunvericiliyə uyğun şəkildə yerləşdikləri ölkələrdə yerli səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən institusional akkreditasiyadan keçməli və TKTA tərəfindən həmin məlumat verifikasiya edildikdən sonra aidiyyəti siyahıda düzəliş edilir.