Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 nömrəli Fərmanına uyğun olaraq İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.
Fonddan Trend-ə verilən məlumata görə, 15 sentyabr 2025-ci il
tarixinə qədər bu mexanizm vasitəsilə 8018 ailənin mənzil şəraiti
yaxşılaşıb ki, bunun da 1761-i cari ildə bağlanmış müqavilələrin
payına düşür.
Məlumata əsasən, satmaq öhdəliyi ilə kirayə mexanizmindən
faydalaraq mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60
faizindən çoxu gənclər və gənc ailələrdir.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi
çərçivəsində Fond tərəfindən vətəndaşlara 17 ünvanda mənzillər
təqdim edilib. Onlardan 8 ünvan Bakı şəhərində, 6 ünvan Abşeron
rayonunda (Xırdalan şəhərində 3 ünvan, Abşeron rayonunun Masazır,
Saray və Məmmədli qəsəbələrində 3 ünvan), 3 ünvan isə Sumqayıt
şəhərində yerləşir.
Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş
həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb,
bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün
mənzillər yeni və müasir tikinti materiallarından istifadə
olunmaqla təmir olunaraq, kombi isitmə sistemi (kombi cihazı daxil
olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni
zamanda mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.