Bakı. Trend:
Azərbaycanın azad olunmuş torpaqlarında bərpa və quruculuq prosesi intensiv şəkildə davam edir. Bu ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, yeni avtomobil yolları, körpülər, tunellər inşa olunur, kənd və şəhərlərin bərpası sürətlə aparılır.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Afət Həsənova bildirib.
Deputatın sözlərinə görə, indiyədək dünyanın heç bir ölkəsi yalnız öz gücünə bu cür genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirməyib.
O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanan Azərbaycan sonrakı dövrdə də yeni bir tarix yazmaqdadır.
“2020-ci ildə əldə edilən Zəfər nəticəsində ölkəmiz uzun illər işğal altında saxlanılan torpaqlarını azad etdi. Qarabağ və Şərqi Zəngəzurun azad olunması ilə Azərbaycan qarşısında tamamilə yeni və strateji mərhələ açıldı. Bu mərhələdə əsas məqsəd azad edilmiş ərazilərə həyatın qaytarılması, müasir infrastrukturun qurulması və məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətlə qayıdışının təmin edilməsi idi. Bu istiqamətdə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edildi və dərhal genişmiqyaslı işlərə start verildi”.
Deputat əlavə edib ki, 2020-ci ildən bəri, 2025-ci il də daxil olmaqla, dövlət büdcəsindən bərpa və quruculuq işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb:
“Yalnız 2025-ci ildə bu məqsədlərə 4 milyard manat ayrılıb. Bu maliyyə dəstəyi sayəsində nəzərdə tutulmuş layihələrin uğurla icrası təmin edilir. Artıq bir çox keçmiş məcburi köçkün öz yurd-yuvasına qayıdıb və onların rahat yaşayışı üçün bütün zəruri şərait yaradılıb. 2026-cı ilin sonunadək “Böyük Qayıdış” proqramının birinci mərhələsinin tamamlanacağı və həmin mərhələdə 140 min nəfərin Qarabağ və Şərqi Zəngəzura qayıdışı planlaşdırılır”.
A.Həsənova vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və uzaqgörən siyasət nəticəsində formalaşan dayanıqlı iqtisadi inkişaf Azərbaycana heç bir kənar dəstəyə ehtiyac duymadan öz azad olunmuş ərazilərini bərpa etmək imkanı yaradıb:
“Bu gün artıq güclü Azərbaycan mövcuddur – Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü təmin etdi və indi də möhtəşəm layihələr icra olunaraq azad edilmiş torpaqların sürətlə çiçəklənən, abad bir diyara çevrilməsi istiqamətində qətiyyətli addımlar atılır”.