Bakı. Trend:
Vəkil sirrinə dair qanunvericilik təkmilləşdirilir.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər, hazırladığı hüquqi sənədlər, rəylər və arayışlar, habelə hüquqi yardım üçün müraciət faktı, hüquqi yardım haqqında bağladığı müqavilənin mətni və müqavilənin bağlanılması faktı, müraciətin mahiyyəti, vəkilin göstərdiyi hüquqi xidmətdən imtina edildikdə imtinanın əsasları vəkil sirrini təşkil edəcək.
Vəkildən imtina edilməsi vəkil sirrinin açıqlanması üçün əsas ola bilməyəcək.
Vəkil sirri təşkil edən məlumatların vəkillərdən, vəkil köməkçisindən, vəkil qurumlarından, eləcə də vəkil kimi fəaliyyət göstərdiyi dövr üzrə fəaliyyəti dayandırılmış və ya fəaliyyətinə xitam verilmiş vəkillərdən tələb edilməsi yolverilməz olacaq.
Mövcud qanunvericiliyə əsasən, vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir.