Bakı. Trend:
Bu ilin ilk 8 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb:
"Pərakəndə ticarət dövriyyəsində diqqəti çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına xərclənən vəsaitlərdəki artımdır. Bu müddətdə dərman peraparatları və tibbi ləvazimatların alınmasına vətəndaşlarımızın xərclədiyi vəsaitin məbləği rekord səviyyədə- 21 faiz artıb. Bu o deməkdir ki, dərman və tibbi ləvazimatların alınmasına həmin müddətdə əvvəlki ilin uyğun dövrü ilə müqayisədə vətəndaşlarımız 210 milyon manat daha çox vəsait xərcləməli olublar. Bu isə kifayət qədər ciddi rəqəmdir".
"Əczaçılıq məhsulları üzrə xərclərin artması dərman
pereparatlarının qiymətlərindəki dəyişikliklər və eləcə də tibbi
xidmətlərə tələbin yüksəlməsi ilə bağlıdır. Dövlət Statistika
Komitəsinin məlumatına əsasən, istehlak malları və əhaliyə
göstərilən ödənişli xidmətlər üzrə tibbi xidmətlərin qiyməti də
artım qeydə alınıb. Bu isə o deməkdir ki, tələbin artması ilə
yanaşı tibbi xidmətlərdə qiymət artımları da davam edib.
Əczaçılıq məhsulları üzrə istehlak xərclərinin ailə büdcəsinə
xüsusi təsirlərini nəzərə alsaq bu istiqamətdə qiymət tarazlığının
qorunması çox vacibdir. Doğrudur, dərman pereparatlarının
qiymətləri tənzimlənir. Amma bununla yanaşı, istehlak xərclərinin
də optimallaşdırılması önəmlidir. Digər tərəfdən, qiymət və xərc
tarazlığı üçün yerli istehsalın genişləndirilməsi və idxalın
minimumlaşdırılması da vacibdir",- deyə deputat qeyd edib.