Bakı. Trend:
Qanunvericilikdə vəkil sorğusunun hüquqi əsası yaradılır.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, vəkil sorğusu peşəkar hüquqi yardımın göstərilməsi üçün zəruri olan məlumatların (sənədlərin) əldə olunması məqsədilə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, habelə qanuna uyğun olaraq fəaliyyət göstərən digər hüquqi və fiziki şəxslərə həmin şəxslərin səlahiyyət hədləri nəzərə alınmaqla vəkil tərəfindən verilən və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda cavablandırılmalı olan yazılı müraciətdir.
Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə başqa qayda nəzərdə tutulmadıqda vəkil sorğusu daxil olduğu gündən ən qısa müddətdə, lakin yeddi iş günündən gec olmayaraq cavablandırılmalıdır. Bu müddət ərzində sorğunun cavablandırılması mümkün olmadıqda, həmin müddət əlavə olaraq yeddi iş günü uzadıla biləcək.
Vəkil tərəfindən göndərilən sorğuya onun sorğu göndərilən iş üzrə səlahiyyətli olduğunu müəyyən edən vəkil orderinin vəkil qurumunun rəhbəri və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən təsdiq olunmuş surəti əlavə olunacaq. Vəkil sorğusu vəkil qurumunun sorğu göndərən vəkili və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən müvafiq blankda çap və imza edilməklə, habelə vəkil qurumunun rəhbəri və fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən möhürlənməklə təsdiqlənəcək.