Bakı. Trend:
15 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammiti çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.
XİN-dən Trend-ə bildirilib
ki, görüş zamanı strateji müttəfiqlik səviyyəsindəki
Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik
inkişafından məmnunluq ifadə edilib, bu əlaqələrin təməlində iki
ölkənin dövlət başçıları arasında dostluq və qardaşlıq
münasibətlərinin və sıx təmasların dayandığı vurğulanıb.
İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika,
mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da
genişləndirilməsi üzrə aparılan birgə fəaliyyətlər və layihələr
barədə fikir mübadiləsi aparılıb.
Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri
Təşkilatı, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və
Etimad Tədbirləri üzrə Müşavirə, İslam Əməkdaşlıq Təşkilatı və
İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və
əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin cari ilin oktyabr ayında ev
sahibliyi edəcəyi Türk Dövlətləri Təşkilatının növbəti Zirvə
Toplantısına hazırlıq işləri barədə həmkarına məlumat verib.
Təhlükəsizlik məsələləri və regional inkişaflar, o cümlədən Yaxın
Şərqdəki qarşıdurmadan narahatlıq ifadə edilib, artan gərginliyin
diplomatik yollarla həll edilməli olduğuna dair həmfikirlik
bildirilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.