Bakı. Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının son sammitinin Azərbaycanda yüksək səviyyədə keçirilməsi bu kollektivin iradəsini nümayiş etdirdi.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün (16 sentyabr) Tehranda keçirilən “İran və İqtisadi Əməkdaşlıq Təşkilatı” 2-ci milli konfransında deyib.
Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) dünya iqtisadiyyatı, geosiyasi problemlər, sürətli texnoloji dəyişikliklərlə qarşılaşmada regional sabitlik, davamlı inkişaf və birgə rifah istiqamətində səylərin birləşdirilməsi üçün uyğun imkan hesab olunur.
Araqçi deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 2035-ci il perspektivi reallığa əsaslanmalı, praktiki mümkünlüyü və sınanması mümkün olmalıdır. Bu təşkilat gələn 10 il ərzində çiçəklənmə istiqamətində hərəkət edə bilər.
Xatırladaq ki, İƏT-in 17-ci sammiti iyul ayında Xankəndidə keçirilib.
Qeyd edək ki, “İran və İqtisadi Əməkdaşlıq Təşkilatı” 2-ci milli konfransı bu gün Tehranda İƏT baş katibi, İƏT-ə üzv ölkələrin daimi nümayəndələrinin iştirakı ilə işə başlayıb.
Əlavə edək ki, Pakistan, Türkiyə, İran, Əfqanıstan, Tacikistan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan İqtisadi Əməkdaşlıq Təşkilatının 10 üzvüdür.