Bakı. Trend:
Bu gün Azərbaycanın hər guşəsində, eləcə də azad Qarabağımızda 10
minlərlə körpə ürək yeni, böyük bir yola çıxır. Təhsil, elm və
inkişaf naminə öz kövrək addımlarını atan 139 mindən çox uşaq
əslində dövlətimizin sabahına yön alan möhtəşəm yolun uğurunu təmin
edənlər olacaqlar. Onlar sabahın elm adamları, müəllimləri,
həkimləri, mütəxəssisləri, ən başlıcası isə Vətəni sevən, onu
qoruyan və inkişaf etdirən gəncləri olacaq.
Trend xəbər verir ki, bu fikirləri Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz sosial şəbəkə hesabında yazıb.
o bildirib ki, bu sevinc dolu gündə xüsusi qürurumuz var:
"Artıq illərlə həsrətini çəkdiyimiz Qarabağda da ilk zənglər
çalınmaqdadır! Prezident İlham Əliyevin qətiyyətli iradəsi,
dövlətimizin güclü siyasəti və xalqımızın birliyi ilə dirçələn
Qarabağda məktəb və Universitet qapılarının balalarımızın üzünə
açılması tariximizin parlaq səhifəsidir. Bu, həm də Azərbaycan
xalqının iradəsinin, dövlətin gücünün və milli birliyimizin
rəmzidir.
Uşaqlarımız gələcəyimizin işıqlı aynaları, Azərbaycanın insan
kapitalının ən qiymətli sərvətidir. Onların hərtərəfli inkişafı,
sağlam və xoşbəxt böyüməsi, milli və ailə dəyərləri ruhunda tərbiyə
alması dövlət siyasətinin mərkəzindədir. Məhz bu baxışla ölkəmizdə
uşaq hüquqlarının qorunması, keyfiyyətli təhsilin əlçatanlığı,
erkən inkişaf və ailə mühitinin möhkəmləndirilməsi istiqamətində
ardıcıl işlər görülür".
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu
ümummilli missiyanın fəal iştirakçılarındandır.
Biz uşaqların hüquqlarının qorunması, ailələrin sosial rifahının
yüksəldilməsi, uşaqlara yönələn bütün növ zərərli təsirlərin
qarşısının alınması kimi sahələrdə mühüm layihələr həyata
keçirməkdəyik. Məqsədimiz hər bir uşağın öz istedadını azad və
təhlükəsiz mühitdə reallaşdıra bilməsidir.
Əziz balalar, bu gün sizin bayramınızdır! Sizi bu münasibətlə
ürəkdən təbrik edir, bilik dolu, rəngarəng və maraqlı məktəb illəri
arzulayırıq!
Bilin ki, Vətənimiz sizinlə fəxr edir, dövlətimiz isə sizin
xoşbəxtliyiniz üçün daim yanınızdadır.
Müəllimlərinizin, valideynlərinizin, cəmiyyətimizin sevgisi və
qayğısı isə sizin yol yoldaşınızdır.
Dəyərli dostlar, gəlin hər birimiz üçün əziz olduğu qədər də
anlamlı bir gündə məktəb qapısını ilk fəfə açan, gələcəyə gedən
yolumuzu öz saf və kiçik ürəkləri ilə işıqlandıran hər bir uşağı
ürəkdən təbrik edək və onlarla gələn gələcəyimizi birlikdə qoruyaq!
",- komitə sədri əlavə edib.