Bakı. Trend:
2024-cü ildə Azərbaycanın ixracı 11 faiz azalaraq, 26,3 milyard dollara enib. Lakin idxal 22 faiz artıb ki, bu da ötən illə müqayisədə xarici ticarətin müsbət saldosunun azalmasına gətirib çıxarıb.
Trend bu barədə audit və digər peşəkar xidmətlərin göstərilməsi üzrə dünyanın aparıcı şirkətlərdən olan “Deloitte” şirkətinə istinadən xəbər verir.
Qeyd olunub ki, Azərbaycanın idxal strukturunda əsas kateqoriyaları maşınlar və elektrik avadanlıqları təşkil edir ( ümumi həcmin 18%-i və ya 3,873 milyard dollar). Nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə düşən pay 12% (2,594 milyard dollar), həmçinin kimya məhsullarına düşən pay 12% (2,427 milyard dollar) təşkil edib.
Şirkətin hesablamalarına görə, idxalın əhəmiyyətli hissəsini kənd təsərrüfatı məhsulları -6% (1,178 milyard dollar), metallar – 5% (1,113 milyard dollar) təşkil edib. Qalan mallar isə idxalın demək olar ki, yarısını – 47% və ya 9,874 milyard dolları təşkil edərək ümumi idxal həcmini 21,058 milyard dollara çatdırıb.
Məlumata əsasən, Azərbaycanın ixrac strukturunda əsas yeri neft məhsulları tutur -ümumi həcmin 88,7%-i və ya 23,566 milyard dollar. Kənd təsərrüfatı məhsullarının payı ixracın 4,1%-ni (1,095 milyard dollar), kimya məhsulları 1,3%-ni (0,347 milyard dollar), metallar 1,1%-ni (0,289 milyard dollar), digər mallar isə 4,7%-ni və ya 1,257 milyard dolları təşkil edib. Kateqoriyalar üzrə ümumi ixrac həcmi 26,554 milyard dollar olub.
“2024-cü ildə Azərbaycanın əsas qeyri-enerji ixrac məhsullarının ümumi dəyəri əvvəlki illə müqayisədə 7,3% azalıb. Bu azalmaya baxmayaraq, qızıl (+30,1%), pambıq (+44,7%) və pomidor (+8,3%) ən yüksək mütləq artım göstərən üç ixrac məhsulu olub ki, bu da həm kənd təsərrüfatı, həm də mədənçilik sektorunda güclü göstəricilərin olmasını vurğulayır. Ümumi azalma əsasən elektrik enerjisi ixracının 76,6% kəskin azalması ilə bağlı olub.
Ötən il qeyri-enerji sektorunun ixracında beş əsas idxalçı ölkə arasında müxtəlif meyllər müşahidə edilib. Rusiya və İsveçrə mülayim artım göstərdiyi halda, Türkiyə və Gürcüstana ixrac azalıb, Qazaxıstana göndərişlər isə nəzərəçarpacaq dərəcədə artıb”, - deyə məlumatda qeyd olunub.