Bakı. Trend:
Bu ilin yanvar – oktyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 492.470 şəxs qəbul edilib, onlara 786.753 sayda xidmət göstərilib ki, bunun da 276 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 177 mindən çoxu elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Aşağıda qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,6 faizini təşkil edib:
Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial
sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında
qəbzin verilməsi;
Asan İmza sertifikatlarının verilməsi;
Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergi ödəyicisinə arayışların verilməsi;
Fiziki şəxsin uçotdan çıxarılması;
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota
alınması (uçotdan çıxarılması).
Yanvar – oktyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 28,1 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 20,3 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 3.398 vergi ödəyicisinin iştirakı ilə 318 görüş keçirilib, 4.488 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 3 milyon 549 minə yaxın SMS göndərilib.
Yanvar – oktyabr ayları ərzində ümumilikdə 275.862 müraciət üzrə 424.853 Asan İmza sertifikatı verilib.
