...

"Azercell" növbəti dəfə "İlin şirkəti" olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2008 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr/ Trend / Mobil rabitə operatoru Azercell Telekom MMC "İT Magazine" jurnalının təsis etdiyi "İntellekt 2008"-in iki nominasiyası üzrə mükafatını alıb.

Şirkətin məlumatında bildirilir ki, mərasimində "İT Magazine" jurnalının baş redaktoru Arif Məmmədzadə "İntellekt"in artıq beşinci dəfədir təqdim olunduğunu bildirib : "Əvvəlki illərdə milli iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən informasiya texnologiyaları sahəsində də reallaşdırılan layihələrə qiymət verilirdi. Lakin ötən ildən etibarən Ekspertlər Şurası qərara gəlib ki, bu layihələrin həyata keçirilməsinə şirkət və təşkilat rəhbərlərinin də rolunu qeyd etsin. Ona görə də "İlin adamı" nominasiyası təsis edilib".

Elə, ilk olaraq "İlin adamı" nominasiyası üzrə qalib elan olunub və "Azercell Telekom" MMC-nin prezidenti Halim Ateş ilin ən işgüzar şəxsiyyəti adına layiq görülüb. Mükafatı "Azercell"in vitse-prezidenti Ali Ağan qəbul edib. O bildirib ki, Halim Ateş 2006-cı ilin əvvəlində "Azercell Telekom" MMC-nin rəhbəri təyin olunub. Və bu müddət ərzində onun rəhbərliyi altında şirkət bir çox böyük uğurlara imza atıb: "Məhz uğurlu fəaliyyətinin nəticəsi olaraq Halim bey bu ilin ortalarında "Azercell", "Turkcell" və "Meqafon"-da daxil olmaqla 10-dan çox şirkətin səhmdarı olan "TeliaSonera Eurasia"-nın rəhbərlərindən biri təyin olunub".

Növbəti mükafat isə Azərbaycanın iqtisadiyyatı və informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına qoyduğu sərmayəyə görə "Azercell"ə təqdim edilib. Bu sahədəki uğurlarına görə "Azercell" artıq beşinci dəfə "İlin şirkəti" seçilib. Təbrik nitqi zamanı cənab Ali Ağan bir neçə gün əvvəl "Azercell"-in 12 yaşının tamam olduğunu xatırlatdı: "Həmin vaxt bu şirkət 5 nəfərlik bir qrupla yaradılmışdı. 1 il sonra 10 min, bu gün isə 3,5 milyon abonentimiz var. İndi "Azercell" GSMA standartlarına görə texniki baxımdan dünyadakı ən yaxşı 100 şirkətdən biridir".

Mərasimdə iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları ilə yanaşı, sosial, mədəniyyət, turizm və digər sahələrdə qazanılan uğurlara görə "İntellekt" mükafatı təqdim olunub. Qeyd olunub ki, bu il "İntellekt- 2008" mükafatına 200-dən artıq layihə təqdim olunub. Lakin onlardan yalnız 50-si müsabiqənin son mərhələsinə kimi gəlib çıxa bilib.

Şirkət dünyanın 146 ölkəsinin 366 mobil rabitə operatoru ilə rouminq sazişi imzalayıb. Məhz "Azercell"in dəstəyi ilə Qarşılıqlı Rouminq Ekspertlər Qrupu kimi nüfuzlu bir təşkilatın bu ilki iclası Bakıda keçirilib. Bu il "Azercell" Azərbaycanda analoqu olmayan növbəti bir texnologiyanı - "MobilBank" xidmətini abonentlərinin istifadəsinə verib. "Azercell" bu il abonentlərinə minlərlə bahalı hədiyyə, milyonlarla dəqiqə pulsuz danışmaq imkanı verən kampaniyalar keçirib. Tək Bakıda deyil, bütün respublika ərazisində Azercell Ekspres ofislərinin sayını artırıb. Sosial sahədə həyata keçirdiyi layihələrə görə "Azercell" bu ilin korporativ sosial məsuliyyətli şirkəti seçilib.

Xəbər lenti

Xəbər lenti