...

Azərbaycanda İpoteka Fondunun istiqrazlarının növbəti hissəsi yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2009 18:26 (UTC +04:00)
Bazar ertəsindən etibarən Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının yerləşdirilməsinə başlanılıb.
Azərbaycanda İpoteka Fondunun istiqrazlarının növbəti hissəsi yerləşdirilib

Azərbaycan, Bakı, 27 iyul / Trend /

Bazar ertəsindən etibarən Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının yerləşdirilməsinə başlanılıb. Bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.

Üç investor tərəfindən təqdim olunmuş sifarişin ümumi həcmi nominal üzrə 10,977 milyon manatdır.

Emissiya prospektinə əsasən, yerləşdirmə açıq abunə üsulu ilə keçiriləcək. İstiqrazlar hərraca cari qiymətlərlə (100,3417 faiz) təqdim olunacaq.

İstiqrazların son ödəniş tarixi 10 may 2016-cı ildir. Tələbat təklifi üstələyərsə, bütün ərizələr proporsional qaydada təmin olunacaq. İstiqrazların yerləşdirilməsində ilkin təşkilatçı rolunu Azərbaycan Mərkəzi Bankı oynayacaq.

AİF-in istiqrazlarının yerləşdirilməsinə 16 iyun 2009-cu ildən başlanılıb. Bu günə qədər hərraca 20 milyon manat məbləğində istiqrazlar təqdim olunub və istiqrazların bütün həcmi tamamilə yerləşdirilib.

İpoteka kreditləşməsinə başlanması ilə əlaqədar olaraq 17 bank, 7 qiymətləndirmə şirkəti və 10 sığorta şirkəti AİF-in səlahiyyətlisi təsdiq olunub.

İpoteka kreditləşməsinin şərtləri bunlardır: kreditlər milli valyuta - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir; ipotekanın obyekti yalnız mənzil və şəxsi ev ola bilər; ipoteka kreditləşməsinin məbləği bazar qiymətlərinin 85 faizini keçməməlidir; kredit üzrə aylıq ödəmə borc götürənin aylıq gəlirinin 70 faizini keçməməlidir; həyat və s. sığortalar üzrə müqavlə olmalıdır.

Güzəştli şərtlərlə kredit şəhid ailələrinin üzvlərinə, milli qəhrəmanların ailə üzvlərinə, məcburi köçkünlərə, 3 ildən çox iş təcrübəsi olan dövlət qulluqçularına, elmləri namizədi və doktorluq dərəcəsi olanlara, idman sahəsində xidməti olan şəxslərə, eləcə də minimum xidmət müddəti üç il olan hərbçilərə verilir.

Hər ailənin bir dəfə güzəştli ipoteka krediti almaq hüququ var.

2005-2008-ci illərdə AİF vasitəsilə ipotekanın maliyyələşdirilməsi üçün Azərbaycanın dövlət büdcəsindən 94 milyon manatın ayrılması nəzərdə tutulub. Banklar vasitəsilə bunun 70 milyon manatdan çoxu verilib.

2009-cu il üçün dövlət büdcəsində sosial ipotekanın maliyyələşdirilməsi üçün 14 milyon manat nəzərdə tutulub.

İyulun 27-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti