...

Azərbaycan və Dünya Bankının birgə sosial proqramına payızda start veriləcək - Əmək Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2009 20:14 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankı (DB) ilə birgə sosial proqram çərçivəsində proqramın realizəsi üçün beynəlxalq məsləhətçilərin seçilməsinə tender élan edib.

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankı (DB) ilə birgə sosial proqram çərçivəsində proqramın realizəsi üçün beynəlxalq məsləhətçilərin seçilməsinə tender élan edib. Bu barədə çərşənbə axşamı nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Elnur Sultanov məlumat verib.

"Hazırda nazirlik daxilində inzibati məsələlərin həlli başa çatmaq üzrədir", - Sultanov deyib.

Onun sözlərinə görə, proqramın həyata keçirilməsi payızda gözlənilir. Birinci mərhələdə əməyin mühafizəsi, məşğulluq potensialının gücləndirilməsi üzrə iş aparılacaq.

"Azərbaycanda sosial müdafiənin inkişafı" layihəsi üzrə 54,6 milyon dollar dəyərində kredit razılaşması DB və Azərbaycan Hökuməti arasında 2008-ci ilin noyabrında imzalanıb. Layihənin maliyyələşməsi üçün DB Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə (10 illik güzəşt dövrü, illik 0,75 faizlə 35 il müddətinə) 26,7 milyon dollar verəcək.

Layihə dörd komponentdən ibarətdir: əmək bazarı sisteminin tam müasirləşməsi, o cümlədən əmək qanunvericiliyinin, əməyin mühafizəsi sisteminin, məşğulluq xidməti işinin təkmilləşdirilməsi; sosial təminat sistemi siyasətinin formalaşdırılması; pensiya sisteminin müasirləşdirilməsi və layihənin idarə olunması.

Layihə çərçivəsində peşəkar təlim sisteminin tam institutsional inkişafı və müasirləşdirilməsi, Avropa təcrübəsi əsasında peşəkar təsnifatçıların hazırlanması nəzərdə tutulur. Nazirlik yanında peşəkar təlim mərkəzinin yaradılması da nəzərdə tutulur. Layihə 2008-ci ildən 2013-cü ilədək hesablanıb.

DB sosial sahədə artıq bir layihə maliyyələşdirib. 2005-ci ildən "Pensiya islahatları və sosial təminat" layihəsi həyata keçirilir ki, buna da bank 10 milyon dollar ayırıb.

İyulun 28-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti