...

Azərbaycan və BƏƏ müştərək beynəlxalq investisiya şirkəti yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2009 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan və BƏƏ-nin ən iri korporativ firmaları birgə beynəlxalq investisiya şirkəti yaradırlar. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Əbu Dabiyə səfəri zamanı deyib. Məlumatı Emirates Business 24|7 məlumat verib.

Azərbaycan və BƏƏ arasındakı iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Əbu Dabidə keçirilən ikinci iclası çərçivəsində biznes forumu da təşkil edilib.

"Çoxmilyardlı müştərək investisiya şirkəti özəl sektor da daxil olmaqla, iki ölkənin korporativ sərmayədarları arasında yaradılıb", - Mustafayev deyib.

Müştərək şirkət müxtəlif sektorlarda beynəlxalq aktivlər əldə edəcək, həmçinin BƏƏ və Azərbaycan arasında investisiya mübadiləsini həyata keçirəcək.

"Birgə komissiya yəqin ki, il ərzində təsis ediləcək yeni şirkətin yaradılması üzrə işlərə başlayıb. Biz hamımız hələ öyrənilmə mərhələsində olan bu layihə üzərində işləyirik. Bu şirkətin yaradılması ölkələrimizin iqtisadiyyatını dəstəkləyəcək", - Mustafayev deyib.

Onun sözlərinə görə, hər iki tərəf bu birgə müəssisənin yaradılması üzrə müzakirələri davam etdirəcək.

"Azərbaycan və BƏƏ iqtisadi əməkdaşlıqdan sənaye, kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə qazanc əldə edə bilər. Biz BƏƏ-dən azad sənaye zonalarının uğurlu inkişafındakı və İslam bankinqindəki təcrübəsini öyrənməkdə maraqlıyıq", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti