...

Bakıda IV Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2010 17:19 (UTC +04:00)
7-9 oktyabr tarixlərində Bakıda IV Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" sərgisi keçiriləcək. Bu barədə "Iteca Caspian LLC" şirkətinin çərşənbə günü yayılan məlumatında deyilir.
Bakıda IV Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

7-9 oktyabr tarixlərində Bakıda IV Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" sərgisi keçiriləcək. Bu barədə "Iteca Caspian LLC" şirkətinin çərşənbə günü yayılan məlumatında deyilir.

"Sərgi keçirildiyi illər ərzində təhsil xidmətləri, peşəyönümlü istiqamətləndirmə və gənclərin məşğulluğu sahəsində regionun əsas illik forumuna çevrilib. Sərgi yeni "Bakı Ekspo Mərkəzi" sərgi-kompleksində keçiriləcək və bu da öz növbəsində sərginin inkişafının yüksək dinamikasını bir daha vurğulayır", - məlumatda qeyd olunub.

Ənənəvi olaraq, sərgi Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir. "Iteca Caspian" MMC şirkəti və onun tərəfdaşı "ITE Group PLC" sərginin təşkilatçıları qismində çıxış edirlər. 2010-cu ilin payız sərgilərinin tərəfdaşları arasında "Azerfon-Vodafone", "Paşa Sığorta", "Caspel", "Greenwich Travel Club", "SIAR" şirkətlərinin və "Qafqaz Point" hotelinin adları var.

Sərgi 60-dan çox ödənişli və ödənişsiz fakültələri, kursları, habelə ən müxtəlif ixtisaslar üzrə proqramları özündə birləşdirən 94 təhsil müəssisəsi və təşkilatını təqdim etməklə, öz beşillik yubileyi ərəfəsində "Təhsilini seç - gələcəyini təmin et!" şüarını layiqli şəkildə doğruldacaq. Təhsil istiqamətlərinin coğrafiyası da əhəmiyyətli dərəcədə genişlənərək Azərbaycan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İspaniya, Kanada, Koreya, BƏƏ, Rusiya, ABŞ, Türkiyə və İsveçrə kimi ölkələri əhatə edir.

Xarici maarifləndirmə strukturları, universitetləri və kollecləri də sərgidə fəal şəkildə iştirak edirlər. Belə ki, sərgidə ilk dəfə olaraq Ankara, İstanbul və İzmirin 15 təhsil müəssisəsini özündə birləşdirən Türk Milli Universitetlər Qrupu da iştirak edir. Koreyanın milli stendi əsas istiqamətləri İKT və mühəndislik olan 11 universiteti təqdim edəcək. Koreyanın "Study in Koreya" təhsil strukturu isə sərgidə iştirak etməklə yanaşı, eləcə də ilk görüş yerlərindən biri sayılan qeydiyyat ərazisini seçərək "Təhsil və Karyera 2010" sərgisinin sponsoru qismində çıxış edir. Böyük Britaniya isə London, Edinburq, Esseks, Nottinhem, Suffolk şəhərlərinin 16 universitet və məktəblərini təqdim edəcək. Moskva, Sankt-Peterburq, Nijni Novqorod, Samara və Dağıstanın 22 tanınmış ali təhsil müəssisəsi bu universitetlərin rəsmi nümayəndəsi olan Rusiya şirkətinin stendində təqdim olunacaq.

Sərgidə ilk dəfə olaraq Litva səfirliyi də iştirak edir və onun tərkibində Litvanın 2 dövlət ali təhsil müəssisi təqdim olunacaq. Azərbaycan təhsil sektoru isə dövlət və özəl təhsil müəssisələri də daxil olmaqla, sərginin Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Diplomatiya Akademiyası kimi daimi iştirakçıları tərəfindən təqdim olunacaq. Adıçəkilən şirkətlərin əməkdaşları sərgiyə gələn ziyarətçiləri bakalavr və magistratura təhsili sahəsində yeni imkanlarla tanış edəcəklər.

Bütövlükdə isə sərginin ekspozisiyasında bunlar təqdim olunur: məktəbəqədər və orta təhsil, ali təhsil müəssisələrinin proqramları, distansion maarifləndirmə sistemləri, xaricdə təhsil və tələbələrin mübadiləsi üzrə proqramlar, elmi dərəcələrin əldə edilməsi üzrə təhsil, karyeranın planlaşdırılması və inkişaf etdirilməsi üzrə konsultasiyalar, fakültativ təhsil və turizm üzrə proqramlar, dil kursları və yay məktəbləri, yeni informasiya texnologiyaları, multimedia sistemləri, video və televiziya avadanlıqları, kompüterlər.

Sərgi öz ekspozisiyasının genişlənməsi üçün yeni mərhələlərin mənimsənilməsi ənənəsini qoruyub saxlayır. Belə ki, "məktəblər üçün avadanlıqlar" və "peşə-texniki məktəbləri üçün avadanlıqlar" kimi yeni tematik bölmələr çərçivəsində sinif otaqları üçün avadanlıqlar, o cümlədən məktəbli geyimləri, kürsülər, fizika və kimya kabinetləri üçün avadanlıqlar, eləcə də Almaniyadan gətirilmiş istehsal tədrisi üzrə dəzgahlar nümayiş etdirilir.

Azərbaycan Gənclər və İdman Nazirliyi iki il ardıcıl olaraq sərginin "Karyera" bölməsində gənclərin qeyri-hökumət təşkilatları və birliklərinin iştirakını təşkil edir. Hazırda isə əlavə peşəkar bacarıqların əldə olunması imkanını təqdim edən şirkətlərin rolu xüsusilə artmaqdadır. Bununla əlaqədar, sərgidə konsaltinq, təlimlər və əmək bazarının müasir tələblərinə uyğunlaşma üzrə seminarlar təklif edən şirkətlər də iştirak edirlər.

Sərginin işini təlimlər, təkmilləşdirmə kursları və sərgidə təqdim edilmiş Türkiyə ali təhsil müəssisələrinin birində pulsuz təhsil almaq üçün xüsusi lotereya müşayiət edəcək. Sərginin ikinci günü, yəni oktyabr ayının 8-də İsveçrədən gəlmiş şirkət tərəfindən hotel idarəetməsi üzrə seminar keçiriləcək.

"Təhsil və Karyera" sərgisi regionda dövlət və özəl təhsil müəssisələrinin bütün spektrini təqdim edən yeganə təhsil forumu sayılır. 12 avqust 2010-cu il tarixindən 11 avqust 2011-ci il tarixinə qədər olan dövr Azərbaycanda Beynəlxalq Gənclər İli kimi elan edilib və bununla əlaqədar, ictimaiyyətin diqqəti daha çox gənc nəslin problemlərinə, ələlxüsus da təhsil sahəsindəki problemlərə yönəlib. Bu baxımdan ölkədə təhsil səviyyəsinin yüksəldilməsinə yardım etməyi öz qarşısına məqsəd qoymuş bu sərginin aktuallığı daha da artır. Öz təhsilinin qayğısına qalan hər bir şəxs sərgidə keyfiyyətli fundamental təhsil, təcrübə, habelə gənc mütəxəssislərin seçilməsi proqramları haqqında məlumat əldə edərək, gələcək peşə seçimi ilə bağlı düzgün qərar qəbul etməklə uğurlu karyera quruculuğu istiqamətində ilk addımlarını atmaq imkanına malik olacaq.

Xəbər lenti

Xəbər lenti