...

Yaxın vaxtlarda Azərbaycanda icbari sığorta xidmətlərinin yeni növü qüvvəyə minəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2010 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Yaxın günlərdə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun qüvvəyə minəcək. Bu barədə cümə günü Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti rəhbərinin müavini Mahir Abdullayev bildirib.

"Qanun onun şərtlərini tənzimləyəcək bəzi normativ sənədlərin qəbul edilməsindən sonra tam qüvvəyə minəcək", - Abdullayev deyib.

Onun sözlərinə görə, normativ sənədlərin yaxın günlərdə təsdiqlənəcəyi gözlənilir.

Abdullayev onu da deyib ki, Əmək və Əhalinin Sosial Müdafikəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqinə nəzarət edən orqan olacaq.

Qanunun şərtlərinə əməl etməyən hüquqi və fiziki şəxslərə tətbiq olunacaq cərimə sanksiyalarının səviyyəsi barədə danışan Abdullayev bildirib ki, məbləğ Azərbaycanın İnzibati Xətalar Məcəlləsi çərçivəsində müəyyən olunacaq.

Azərbaycan Prezidenti bu il iyulun 3-də "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunu təsdiq edib.

Maksimum sığora tarifləri əməkhaqqı fondunun iki faizi həcmində müəyyən edilir. Müxtəlif sektorlar üzrə tariflər diferensiallaşdırılacaq. Ehtimallara görə, iqtisadi fəaliyyətin bütün sahələri risk dərəcəsindən asılı olaraq üç-dörd qrupa bölünəcək. Layihəyə görə, ayrı-ayrı sektorlar üzrə sığorta tarifləri icra hakimiyyətinin müvafiq orqanları tərəfindən illik nəzərdən keçirilə bilər. Bununla yanaşı, növbəti il üçün tariflər cari ilin dekabr ayının 1-dək təsdiqlənməlidir.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin məlumatına görə, 2009-cu ildə istehsalatda 250 bədbəxt hadisə baş verib. Onlardan 65-i inşaat sektorunda olub. Bədbəxt hadisələr nəticəsində 69 nəfər həlak olub ki, onlardan 32 nəfəri tikinti sektorunda çalışıb. Bu dövrdə 218 nəfər, eləcə də tikinti sektorunda 48 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Azərbaycanda 27 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir. Ölkənin sığorta bazarında cəmi iki Life-şirkət - Atəsgah Həyat və Qala Həyat fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti