Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) yeni maliyyə məhsulları təqdim edib. 2010-cu ildən etibarən AİB geniş mikromaliyyələşdirmə proqramı başlatmış, təxminən 2,3 milyard dollar həcmində kreditlərə dəstək vermiş və 1,2 milyard dollar həcmində kofinansmanı cəlb etmişdir.
Trend xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni ölkə direktoru Sunniya Durrani-Camalı Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Mikromaliyyə konfransında bildirib.
Onun sözlərinə görə, aztəminatlı və həssas icmalara maliyyə daxilolmaları, eləcə də kiçik və orta müəssisələr üçün maliyyəyə çıxış AİB-nin iş yerlərinin yaradılması, gəlirlərin artırılması və yoxsulluğun azalması strategiyasının mühüm bir hissəsidir.
"2010-cu ildən AİB geniş mikromaliyyələşdirmə proqramı başlatmış, təxminən 1,8 milyard dollar həcmində kreditlərə dəstək vermiş və 881 milyon dollar həcmində birgə maliyyələşdirmə cəlb etmişdir. Biz 10 milyondan çox müştəriyə mikrokreditlər təqdim etmişik. Qeyd edək ki, müştərilərimizin 98 faizi qadınlardır", - o qeyd edib.
O vurğulayıb ki, AİB bazarın məsuliyyətli inkişafına, əhatə dairəsinin artırılmasına və xidmətlərin yaxşılaşdırılmasına kömək edən tənzimləyici təcrübələrin təkmilləşdirilməsi ilə bağlı məsləhətlər təqdim edir.
"Bu, ödənişlər, əmanət məhsulları, mikrosığorta, filialsız bank xidməti və mobil bankçılıq kimi yeni xidmət mexanizmləri əhatə edir. AİB bu cür məsləhətləri Azərbaycanın hökumətinə, o cümlədən Mərkəzi Banka təqdim edib. Bundan əlavə, AİB ticarət və zəncir maliyyələşdirməsini təklif edir. Eyni zamanda, biz mikromaliyyə müəssisələri ilə birbaşa əməkdaşlıq edirik, istər birbaşa kreditlər, istərsə də risklərin bölüşdürülməsi və zəmanətlər yolu ilə onların fəaliyyətini genişləndirməyə kömək edirik. Və nəhayət, Asiya və Sakit okean bölgəsi üçün bir iqlim bankı olaraq, biz başa düşürük ki, fəlakət zamanı mikromaliyyə müəssisələrinin balansı zərər görür, bu isə onların icmalara maliyyə vəsaitlərinə və ya bərpa olunmasına dərhal cavab vermək qabiliyyətinə təsir edir. Buna görə də, biz müştərilərimiz və agentliklər arasında təşviq etdiyimiz fəlakət risklərinin maliyyələşdirilməsi üçün həllər kimi öz yeni maliyyə məhsullarımızı inkişaf etdirmişik", - o əlavə edib.