...

Azərbaycanda OSAQO üzrə vahid məlumat sistemi yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2011 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda "Sığortanın icbari növləri haqqında" yeni qanunun qəbul edilməsi sığorta şirkətlərinin məsuliyyətinin, eləcə də sığortanın bu növlərinə marağın artmasını stimullaşdıracaq. Bu barədə Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov çərşənbə günü jurnalistlərə bildirib.

Azərbaycan Parlamenti yanvarın 21-də "Sığortanın icbari növləri haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu qanun layihəsi icbari sığortanın dörd növünün - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin (OSAQO), sərnişinlərin sığortası, daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin sığortalanmasının tənzimləyir.

"Qanun çərçivəsində OSAQO sistemi üzrə vahid məlumat sistemi yaradılacaq. Bundan sonra bütün müqavilələr bu sistemdən keçəcək, fərqli tarifləşdirmə sistemi və bonuslar sistemi tətbiq ediləcək", - Xəlilov deyib.

Bu gün ölkədə sığorta ziyanları tarixindən asılı olmayaraq, OSAQO üzrə vahid tarif fəaliyyət göstərir. Xəlilovun sözlərinə görə, yeni qanun sığortanın prinsiplərini çox dəqiq müəyyən edir və ödənişlərdən yayınma üçün bütün mümkün əsasları aradan qaldırır.

"Hesab edirəm ki, bu qanun texniki baxışdan keçən bütün avtomobilləri 100 faiz əhatə edəcək. Çünki bu gün ölkədə hələ də sığortalanmamış avtomobillər var", - DSNX rəhbəri bildirib.

Qanun layihəsi avtonəqliyyat vasitəsindən asılı olaraq, sığorta tarifinin müəyyənləşdirilməsi zamanı fərqli yanaşmanı nəzərdə tutur. Əmlak üzrə OSAQO zamanı ödənişin məbləği 5 min manat (bu gün bir min manatdır), sağlamlıq üçün - 50 min manat (bu gün beş min manat) təşkil edir. Fəaliyyətin bu növü 1996-cı ildə qəbul edilən qanunla tənzimlənir.

Qanun çərçivəsində OSAQO üzrə sığorta bürosunun yaradılması nəzərdə tutulur ki, o, respublikadakı bütün avtonəqliyyat vasitələrinin mərkəzi bazası funksiyasını yerinə yetirəcək.

Xəlilovun sözlərinə görə, büronun yaradılması çox vaxt aparmayacaq, lakin bunun üçün təkcə institusional deyil, kommersiya məsələləri üzrə də qərar tələb olunur.

"Əgər sığortaçılar qısa müddət ərzində onun yaradılmasını iqtisadi nöqteyi-nəzərdən məqsədəuyğun hesab etsələr, onda bu baş verəcək. Başlıcası, iqtisadi məqsədəuyğunluğu və kommersiya mənfəətini müəyyən etmək üçün biznes-planın hazırlanmasıdır", - o, deyib.

Büronun iştirakçısı olan sığorta şirkətləri avtomobil vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə müqavilələr çərçivəsində daxil olan mükafatların üç faizi məbləğində təqvim ödənişləri ödəyəcəklər. Sığorta hadisələri üzrə kompensasiyaların ödənilməsi üçün rezervləşdirmə mənbələri arasında büroya təminat depoziti də ödəniləcək. Büronun üzvü olmaq istəyən sığorta şirkətləri məbləği DSNX tərəfindən müəyyən ediləcək təminat depozitini birdəfəlik ödəməlidirlər.

2010-cu il ərzində sığortanın icbari növləri üzrə mükafatların ümumi həcmi 31,283 milyon manat (20,1 faizlik xüsusi çəki ilə), ödənişləri 8,56 milyon manat (15,9 faiz) təşkil edib. İnişillə müqayisədə yığımlar 5,6 faiz artıb, ödənişlər isə 15,7 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti