...

Azərbaycan AİB-in su təsərrüfatı layihəsi üçün I multitranş maliyyələşdirməsindən istifadəyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2011 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İ.Xəlilova/

Naxçıvanda su təchizatı və sanitar xidmətlər sisteminin yaxşılaşdırılması üzrə işlərin davam etdirilməsi üçün Asiya İnkişaf Bankının (AİB) Azərbaycanın su təsərrüfatı üçün verdiyi MFF-in multitranş maliyyələşdirməsinin birinci tranşından istifadəyə artıq başlanılıb. Bu barədə çərşənbə axşamı Trend-ə bankın Bakı nümayəndəliyindən deyiblər.

"İki rayonda (Naxçıvan və Göyçayda) işlərin tam əhatəsi üçün Asiya bankı MFF-in vəsaitləri hesabına 75 milyon dollar ayırıb. Bunun 28 milyon dolları NMR üçün nəzərdə tutulub", - nümayəndəlikdən qeyd ediblər.

Naxçıvanda tikinti işləri üçün "Gəmi Qaya" şirkəti podratçı seçilib, bu rayonda layihənin icraçısı isə NMR Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsidir.

"Bu rayonda işlər indiyədək qrafikə uyğun olaraq, 30 milyon dollar məbləğində birinci kreditin hesabına həyata keçirilib. Birinci kredit 2004-cü ildə Ağdaş, Göyçay və Naxçıvanda su sisteminin bərpasına ayrılmışdı, - nümayəndəlikdən qeyd edilib. - Bu vəsaitlərdən Naxçıvan üçün 10 milyon dollar ayrılmışdı".

İlk dəfə olaraq bu rayonda su təmziləyici qurğunun tikilməsi nəzərdə tutulub. Bununla əlaqədar tender elan edilmişdi. Sutəmziləyici zavodun tikintisinə təxminən 10 milyon dollar lazım olacaq.

Naxçıvan və Göyçayda görülən işlərlə tanış olmaq üçün ötən həftə AİB Azərbaycana mühəndis göndərib.

Keçirilən uğursuz tenderdən sonra Göyçay üçün su təchizatı sistemlərinin və sanitar xidmətlərin yaxşılaşdırılması üzrə işlərin həyata keçirilməsi üçün yeni smeta hazırlanıb. Həmin sənədə görə, xərclər yenidən hesablanıb. "Azərsu" ASC tərəfindən keçirilən tender çərçivəsində podratçı şirkətlər tərəfindən təklif olunan qiymətlərə görə, xərclər real qiymətləri 100 faiz üstələyib. Bununla əlaqədar qiymətlərə yenidən baxmaq üçün yeni xərclər smetasının hazırlanması zərurəti meydana çıxıb. Bu da Asiya bankı tərəfindən cəlb olunan məsləhətçi tərəfindən həyata keçirilib.

"Azərsu" Göyçay üçün podratçının müəyyənləşdirilməsi üçün təkrar tender elan edib və iyulun 25-dək tender prosedurunun bağlanması gözlənilir.

Hazırda Asiya bankı su təchizatı və sanitar xidmətlər sisteminin yaxşılaşdırılması üzrə iki layihəni maliyyələşdirib. Birinci layihənin ümumi dəyəri 39,9 milyon dollar təşkil edir. Bunun 30 milyon dolları AİB tərəfindən ayrılıb, 9,9 milyon dollar isə ölkə hökumətinin payına düşüb. Bu layihənin həyata keçirilməsi müddəti 30 iyun 2011-ci il tarixdə başa çatıb.

İkinci layihənin dəyəri 100 milyon dollardır. Burada AİB 75 milyon dollar (MFF-in birinci tranşı), Azərbaycan hökuməti isə 25 milyon dollar ayırıb.

İlk tranşın vəsaitləri beş il əvvəl təsdiqlənmiş Göyçay və Naxçıvanda su təchizatı sisteminin və sanitar xidmətlərin yaxşılaşdırılması üzrə layihənin bahalaşması ilə əlaqədar əlavə xərclərin ödənilməsi üçün nəzərdə tutulub. Bu layihənin dizaynı 2004-cü ildə hazırlanıb. Bu müddətdə tikinti materiallarının, əsasən də kanalizasiya materiallarının qiymətləri xeyli qalxıb və xərclərin artması müşahidə olunur. Azərbaycan tərəfinin təklifi ilə layihədə nəzərdə tutulan rayonlarda kanalizasiya sistemində müasir qurğuların qurulması da onun qiymətinə təsir göstərir. AİB-in layihəsində seçilmiş rayonlarda su təchizatının və kanalizasiyaların tam bərpası nəzərdə tutulur.

MFF-in Azərbaycanın su təsərrüfatı üçün maliyyələşməsinin ümumi həcmi 2009-cu ilin sentyabrında Asiya İnkişaf Bankının Direktorlar Şurasında 600 milyon dollar həcmi ilə bəyənilib. "Azərsu" SC-nin su layihəsi üzrə məsləhətçisi "AICO Consulting Ltd/European Consultans Organization" konsorsiumudur.

Xəbər lenti

Xəbər lenti