...

İsmət Abasov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbəri ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2012 14:28 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbəri Serdar Cam ilə görüşmüşdür.
İsmət Abasov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbəri ilə görüşüb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbəri Serdar Cam ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə 11 sentyabr 2012-ci il tarixdə Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsinin fəaliyyətinin nizamlanması haqqında Protokol" müzakirə edilmişdir.

Nazir İsmət Abasov qonaqları səmimi salamlayaraq TİKA tərəfindən aqrar sahəyə göstərdiyi dəstəyi yüksək qiymətləndirmişdir.

İsmət Abasov bildirmişdir ki, bu müəssisənin yaradılmasında əsas məqsəd Azərbaycanda və Türkiyədə yetişdirilən taxıl, tərəvəz və yem bitkiləri sortlarının sınaq əkinlərini aparmaq, bölgənin toxum ehtiyacını ödəmək, toxumçuluğu qarşılıqlı inkişaf etdirmək və təcrübə mübadiləsini artırmaqdan ibarətdir.

Nazir bu müəssisəni daha da inkişaf etdirməklə nümunəvi müəssisəyə çevirmək niyyətində olduğunu nəzərə çatdırdı.

Görüşdə çıxış edən Aqrar Elm Mərkəzinin direktoru Əsəd Musayev qeyd etmişdir ki, müəssisəyə 720 hektar cəmi torpaq sahəsi təhkim olunub ki, bunun da 700 hektarı əkinə yararlıdır. Eyni zamanda protokolda nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilmiş, xüsusilə toxumçuluq sahəsində xeyli irəliləyişlərə nail olunmuşdur. Belə ki, respublikamızda və Türkiyədə yaradılmış bir sıra taxıl sortlarının qarşılıqlı sınaqları keçirilmiş, hər il müəssisə tərəfindən 550-600 ton yüksək keyfiyyətli toxum istehsal olunaraq fermerlərə satılmışdır.

Türkiyədə yaradılmış "Gönən" və "Dağdaş" yumşaq buğda sortları respublikamızın torpaq iqlim şəraitində özlərini daha yaxşı göstərdiklərindən, bu sortların toxumlarına fermerlərin marağı getdikcə artmaqdadır.

TİKA tərəfindən müxtəlif vaxtlarda müəssisəyə kənd təsərrüfatı texnikaları, kompüter, toxum və mineral gübrələr verilmişdir.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbəri Serdar Cam səmimi qəbula görə nazir İsmət Abasova minnətdarlığını bildirərək, protokolun icrası istiqamətində əməkdaşlığın daha da gücləndirilməsinin və iki ölkə arasında mütəxəssis mübadiləsinin aparılmasının vacibliyini bildirdi.

Xəbər lenti

Xəbər lenti