Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Emil İsmayılov/
Bakı-Tbilisi-Qars dəmiryol xətti Avropa və Asiyanı birləşdirəcək ən qısa nəqliyyat dəhlizi olacaq. Trend-in məlumatına görə, bunu cümə günü Baş nazirin müavini Abid Şərifov ADA Universitetində keçirilən "Mərkəzi Avrasiyada nəqliyyat və logistikanın gələcəyi" adlı konfransda deyib.
Onun sözlərinə əsasən, yüklərin daşınması müddəti nəqliyyat sektorunda ən vacib məsələlərdən biridir. Yeni dəmiryol xəttinin işə salınması Avropa və Asiya arasında daşıma müddətini xeyli azaltmağa imkan verəcək.
A.Şərifov qeyd edib ki, bu dəmiryol xətti təkcə Azərbaycan üçün deyil, həm də bu layihədə iştirak edən digər ölkələr üçün böyük önəm kəsb edir.
Nəqliyyat nazirinin müavini Musa Pənahov tədbirdə deyib ki, layihə çərçivəsində işlər həm Türkiyədə, həm də Gürcüstanda davam edir.
M.Pənahov əlavə edib ki, yeni dəmiryol xətti 2015-ci ilin sonuna işə düşəcək, bu ilin sonunadək isə Gürcüstanın Türkiyə ilə sərhədinədək ilk işgüzar qatar işə salınacaq.
Nazir müavini bildirib ki, təşəbbüskarı Qazaxıstan olan "Silk Wind" layihəsi çərçivəsində də işlər davam edir. Layihə "Çin-Qazaxıstan-Xəzər-Qafqaz-Türkiyə-Avropa" konteyner qatarının buraxılmasına istiqamətlənib.
Bakı Beynəlxalq Ticarət Limanının rəhbəri Taleh Ziyadov da Bakı-Tbilisi-Qars dəmiryol xəttinin böyük önəmini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi və əhəmiyyətli infrastruktur imkanları var ki, bu da ona beynəlxalq nəqliyyat dəhlizlərində öz yerini tutmağa imkan verir.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir.