...

"Azərsun Holdinq"in yeni brend nişanı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2015 19:09 (UTC +04:00)
“Azərsun Holdinq” yeni brend nişanını təqdim edib.
"Azərsun Holdinq"in yeni brend nişanı (FOTO)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

"Azərsun Holdinq" yeni brend nişanını təqdim edib. Bununla bağlı "Fairmont Baku" hotelində təqdimat mərasimi keçirilib.

"Azərsun Holdinq"in Baş direktoru Savaş Uzan bildirib ki, ötən illər ərzində holdinqin fəaliyyət göstərdiyi sahələrin sayı ilə bərabər, fəaliyyət coğrafiyası da genişlənmişdir. Artıq "Azərsun Holdinq" bölgə miqyaslı şirkət olmaqdan çıxaraq bir dünya şirkətinə çevrilməkdədir. Şirkətin belə bir səviyyəyə gəlib çatması, onun loqosunun yenilənməsini zəruri edib.

Ölkəmizdə gedən dinamik inkişafla ayaqlaşan "Azərsun Holdinq" Azərbaycanla birgə inkişaf edərək daha da böyüdü və istehsal etdiyi məhsulları ilə daha çox istehlakçının rəğbətini qazandı. Əgər əvvəllər prioritet məsələ yalnız ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi idisə, artıq "Azərsun"a məxsus üzərində "Made in Azerbaijan" yazısı olan məhsullarımız bütün dünyada tanınaraq məşhur markalarla rəqabət aparır və xarici istehlakçıların rəğbətini qazanır.

Ötən il bütün Avropanın diqqətini öz üzərinə çəkən və adlı-sanlı klublara sözün əsl mənasında çətin anlar yaşadan "Qarabağ" futbol klubunun formasının üzərinə adı həkk olunan "Azərsun Holdinq" Azərbaycanın irəlilədiyi uğurlu yolda onunla birgə addımlayaraq yeni biznes mühitinə uyğun olan yeni brend konsepsiyasına keçid etmək barədə qərar verdi. Bu məqsədlə son 6 ay ərzində dünyaca məşhur "Lamarq" şirkəti ilə birgə zəruri addımlar atılaraq yeni brend nişanı hazırlandı.

Fəaliyyətə başlamasının 24-cü ilinə qədəm qoyan "Azərsun"un yeni brend nişanı üzərində olan 19 ulduz istisna olmaqla əvvəlki nişandan köklü şəkildə fərqlənir.

Yeni brend nişanının əsasını böyük "A" hərfi təşkil edir ki, bu da "Azərsun" sözünü ifadə edir. Hərfin üzərində dövrə edən dairələrisə özündə brendin beynəlxalq, inkişafda olan və dinamik olduğunu əks etdirir. Dairələrin üzərinə həkk olunmuş 19 ulduz "Azərsun"un davranış nizamnaməsini təşkil edən qaydaların (ədalətlilik, vicdanlılıq, keyfiyyət siyasəti, dürüstlük, çeviklik və s.) sayını bildirir.

"Azərsun Holdinq"ə məxsus bu nişanın tərtibatında istifadə olunan yaşıl və göy rənglər şirkətin Kütləvi Tələbat Malları Sektoruna (FMCG) aid olduğunu və ətraf mühitin mühafizəsinə xüsusi diqqətlə yanaşdığını ifadə edir.

Qeyd edək ki, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən "Kənd təsərrüfatı ili" elan olunmuş 2015-ci ildə "Azərsun Holdinq" ənənəsinə sadiq qalaraq ölkəmizdə qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək və yerli məhsulların daha da geniş coğrafi əraziyə ixrac olunması üçün zəruri addımlar atacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti