Azərbaycan, Bakı, 9 may /Trend, müxbir Azad Həsənli/
2015-ci il aprel ayının əvvəlindən Bakının daşınmaz əmlak bazarında qiymətlər azalmağa başlayıb. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, mart ayı ilə müqayisədə apreldə daşınmaz əmlak bazarında qiymətlər 3,88 faiz (manatla) aşağı düşüb: "İlkin və təkrar mənzil bazarlarında mənzillərin orta hesabla qiyməti 8,12 faiz, kommersiya obyektlərində 3,63 faiz, kirayələrdə 4,7 faiz, kommersiya obyektlərinin icarəsində isə 4 faiz enib".
N.İbrahimov qeyd edib ki, daşınmaz əmlakın qiyməti 2014-cü ilin IV rübündən azalmağa başlayıb, lakin fevralda manatın devalvasiyadan sonra daşınmaz əmlakın qiymətləri yüksəldi: "Daşınmaz əmlak bazarının sabitləşməsi və yeni şəraitə uyğunlaşması üçün vaxt lazım idi. Bundan başqa, başa düşmək lazımdır ki, Bakının daşınmaz əmlak qiymətləri əhalinin alıcılıq qabiliyyətindən yüksəkdir ki, bu da bazarda fəallığın azalmasına səbəb olurdu. Aktivliyi qorumaq üçün qiymətlər düşməlidir".
O, əlavə edib ki, qiymət artımı yalnız torpaq bazarında müşahidə olunur: "Buna səbəb torpaq bazarında fəallığın yaz və yayda həmişə artmasıdır. Bu dövrü torpaq bazarı üçün mövsümi hesab etmək olar. Eyni zamanda, bu bazarda qiymətlər əhalinin imkanlarına cavab verir, buna görə də torpaq bazarında fəallıq qorunur və apreldə qiymətlər cüzi də olsa - 1,38 faiz - artıb. Lakin payıza yaxın torpaq bazarında qiymətlər də azalacaq".
N.İbrahimov hesab edir ki, yaxın iki ildə daşınmaz əmlak qiymətlərinin azalması qaçılmaz olacaq: "İndi qiymətlərin bundan sonra necə olacağı barədə proqnoz vermək çətindir. Lakin fikrimcə, ilin yekunları üzrə qiymətlərin 8 faiz azalacağını gözləmək olar, 2016-cı ildə qiymətlər daha da aşağı düşəcək".