...

Kərəm Həsənov: Elektron Kadastr Uçotu Sistemi mülkiyyət hüquqlarının qeydiyyatının operativliyini təmin edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2015 14:15 (UTC +04:00)
Artıq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlər aparılır.
Kərəm Həsənov: Elektron Kadastr Uçotu Sistemi mülkiyyət hüquqlarının qeydiyyatının operativliyini təmin edir

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

Artıq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlər aparılır.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, buun Komitə sədri Kərəm Həsənov Beyləqanda Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Beyləqan, Füzuli, Ağcabədi və İmişli rayonlarından olan vətəndaşların müraciətlərinə baxarkən deyib.

K.Həsənov qeyd edib ki, hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların və daşınmaz əmlakların elektron kadastr uçotuna alınması həyata keçirilir: "Bu işlərin görülməsi ilə respublikada torpaqların dəqiq sərhədləri və koordinatları müəyyənləşəcək. Bu isə dövlətin müxtəlif kateqoriyalı torpaq sahələrinin səmərəli idarə edilməsi, təyinatına uyğun istifadəsinə effektiv nəzarəti həyata keçirməsinə imkan yaradacaq. Eyni zamanda, vətəndaşların müxtəlif təyinatlı torpaqlar üzərində mülkiyyət hüquqlarının qeydiyyatının daha operativ və dəqiq aparılmasını təmin edəcək".

O qeyd edib ki, mülkiyyət hüquqlarının tənzimlənməsi və daşınmaz əmlakın qeydiyyatında "bir pəncərə" prinsipi tətbiq edilir. Artıq daşınmaz əmlakın qeydiyyatı üçün yalnız bir ünvana müraciət etməklə çıxarış alınması və torpaq sahələrinə texniki sənədlərin verilməsi mümkündür.

Komitə sədri komitənin yeni Əsasnaməsini təsdiq edən Fərmanın sosial əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu tədbirlərin məqsədi qeydiyyat sahəsində vətəndaşlara göstərilən xidmətlərdə operativliyin və şəffaflığın artırılmasıdır.

Komitə sədri torpaq sahələrinin mühafizəsi və təyinatına uyğun istifadəsi məsələlərinə də toxunub. Bildirilib ki, torpaqların kateqoriyalarına uyğun istifadəsi ilə bağlı hüquqi tələblərə riayət olunması, torpaqların mühafizə zonaları ilə bağlı qaydaların gözlənilməsi zəruridir. Mühafizə zonalarında, eləcə də təyinatına uyğun olmayaraq torpaq sahələrində özbaşına tikintilərə yol verilməsi qanuna ziddir.

Vətəndaşlar əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı ilə bağlı müraciət ediblər. Bir çox vətəndaşın müraciəti onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı olub.

Eyni zamanda, pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlər də səsləndirilib. Belə torpaq sahələrinə əvvəllər alınmış texniki sənədlərin yeni hüquqi qaydalara əsasən icrası, habelə hazırda mülkiyyətdə olan torpaq sahəsinə yeni prosedurlara əsasən mülkiyyət sənədinin əldə olunması məsələləri barədə müraciətlər çatdırılıb.

Qəbulda bir neçə vətəndaş dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, vətəndaşlar işlə təmin olunma və komitənin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini bildiriblər.

Qəbulda iştirak edən vətəndaşlar bir ünvanda qeydiyyat prosedurlarının tətbiqindən, göstərilən qeydiyyat xidmətlərindən razılıqlarını və təşəkkürlərini bildiriblər.

Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib.

Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstəriş verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti