...

CAREC proqramının Mərkəzi Asiyada fəaliyyətinin gücləndirilməsi üçün Regional İqtisadi Əməkdaşlıq İnstitutunun yaradılması təklif olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2007 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan nümayəndə heyəti Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə "Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq" Proqramı (CAREC) çərçivəsində yüksək vəzifəli məmurların və ticarət siyasətinin əlaqələndirilməsi üzrə İşçi Qrupun iclasında iştirak edib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında göstərilib. İclas Manilada (Filippin) keçirilib.

Nümayəndə heyətinin tərkibinə proqramın ölkə üzrə əlaqələndiricisi, İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri S.Vəliyev, Ticarət siyasətinin əlaqələndirilməsi üzrə İşçi Qrupun üzvü, Nazirliyin Xarici ticarət və iqtisadi əlaqələr şöbəsinin müdiri E.Məmmədzadə və bu şöbənin baş məsləhətçisi F.Əhmədov daxil olub.

İclasda proqramın gələcək inkişaf istiqamətləri, ticarət və gömrük siyasəti, nəqliyyat və energetika sahələri üzrə regional strategiyalar, gələcək tədbirlər planı və s. məsələlər müzakirə olunub.

Proqramın fəaliyyətinin gücləndirilməsi və sahələr üzrə zəruri təhlillərin aparılması məqsədilə Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq İnstitutunun yaradılması məsələsi ilə bağlı müzakirələr aparılıb.

Tədbir çərçivəsində Proqrama üzv olan ölkələrdən (Azərbaycan, Əfqanıstan, ÇXR, Qazaxıstan, Qırğızıstan, Monqolustan, və Özbəkistan) olan nümayəndələrin iştirakı ilə regional əməkdaşlıq mövzusunda seminarlar keçirilib.

CAREC - 8 iştirakçı ölkə və 6 beynəlxalq institutun (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, BMT-nin Bnkişaf Proqramı və Dünya Bankı ) əməkdaşlığı proqramıdır.

Xəbər lenti

Xəbər lenti